Azərbaycanın “qara qitə”dən dünyaya verdiyi mühüm mesaj: Afrikaya sevgi, Fransaya “atəş”!backend

Azərbaycanın “qara qitə”dən dünyaya verdiyi mühüm mesaj: Afrikaya sevgi, Fransaya "atəş"!

Qərblə ziddiyyətli münasibətlər fonunda Azərbaycanın son illər Afrika ölkələri ilə həyata keçirdiyi əməkdaşlıq diqqət çəkir.

Bir çox ekspertlər Bakının Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən Afrika ölkələri ilə sıx əməkdaşlığını Parisin ermənipərəst mövqeyinə cavab kimi dəyərləndirirlər.

Politoloq Turab Rzayev mövzu ilə bağlı KONKRET.az-a verdiyi açıqlamada bildirib ki, burada ikili münasibət var:

“Bir tərəfdən, Azərbaycanın Afrika ölkələri ilə münasibətləri inkişaf etdirməsinə səbəb Fransaya qarşı müqavimətdir. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin ümumi siyasətidir. Belə ki, Azərbaycan hələ 1990-cı illərdən, müstəqilliyinin bərpasından etibarən dünyanın bir çox ölkələri ilə münasibətlərini inkişaf etdirməyə çalışıb. Ölkəmizin Qoşulmama Hərəkatına bir neçə il rəhbərlik etməsi, Bakıda Hərəkatın sammitinin keçirilməsi, Afrika və Cənub-Şərq və Balkan ölkələri ilə xüsusi əlaqələrin qurulması Azərbaycanın öz çıxarlarına hesablanıb.

Biz bu əməkdaşlığın faydalarını da görməkdəyik. Məsələn, BMT-də Azərbaycana qarşı Fransanın təklifi ilə başladılan səsvermələr zamanı bu ölkələr bizi müdafiə ediblər və nəticədə Azərbaycana qarşı qətnamə qəbul olunmayıb. Bu, Azərbaycanın strategiyasıdır”.

Ekspert qeyd edib ki, bu ölkələrdə Azərbaycana qarşı xüsusi simpatiya var:

“Unutmaq olmaz ki, beynəlxalq müstəvidə Azərbaycanı ən çox müdafiə edən iki dövlətdən biri Afrika ölkəsi olan Mərakeş, digəri isə Balkanlardan Albaniya idi. Azərbaycanın digər kiçik Afrika ölkələri – Efiopiya və Cənubi Afrika Respublikası ilə isti münasibətləri var. Burada səfirliklərimiz fəaliyyət göstərir. Misirlə də güclü əlaqələrimiz var. Azərbaycanın bu ölkələrlə tarixi əlaqələrinin o qədər də sıx olmamasına baxmayaraq, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu regionlarda Azərbaycana qarşı xüsusi münasibət formalaşıb”.

Ayan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*