Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Müşfiq Kərimovun (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı Baş Prokurorunun müavini, Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, İsmayıllı Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə, qismən dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətə azadlıqdan mərhumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıb və Müşfiq Kərimova qəti olaraq 4 il 3 ay həbs cəzası təyin olunub.
İstintaq orqanının mövqeyinə görə, təqsirləndirilən şəxs Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən və iş yoldaşının ona olan etibarından istifadə edərək bir neçə şəxsi aldadıb.
İttihama əsasən, hadisələr 2025-ci ilin mart ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda baş verib.
Həmin vaxt “Azəriqaz” İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer işləyən Müşfiq Kərimov iş yoldaşı S.S.-ə (adı, soyadı şərtidir) onun yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifəyə təyinat aldığını deyib. O, bununla əlaqədar İsmayıllı rayonunda fəaliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 sürücüyə ehtiyac yaranacağını bildirib.
Bundan sonra təqsirləndirilən şəxs iş yoldaşına tanışlarından istəyən şəxslər olacağı təqdirdə onları 2 000 manat müqabilində həmin işlərə düzəltməyə köməklik göstərə biləcəyini deyib.
İstintaqın mövqeyinə görə, bu məlumat həqiqətə uyğun olmayıb və Müşfiq Kərimov həmin vəddən pul əldə etmək məqsədilə istifadə edib.
S.S. ona tanışı olan zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) işə düzəlmək istədiyini deyib. Bundan sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi işə düzəldəcəyini vəd edərək aldadıb. D.D. ona 2 000 manat pul verib. Müşfiq Kərimov həmin pulu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib.
İttihamda təqsirləndirilən şəxsin eyni üsulla daha üç nəfəri aldatdığı göstərilir. O, həmin şəxslərin də hər birindən 2 000 manat pul alaraq dələduzluq edib.
Beləliklə, Müşfiq Kərimov işə düzəltmək vədi ilə dörd ayrı şəxsdən ümumilikdə 8 000 manat pul alıb.
