Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əjdər Tağıyevin (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs müxtəlif şəxsləri yüksək gəlir vədi ilə aldadaraq ümumilikdə 112 000 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
Belə ki, Əjdər Tağıyev əvvəlcə Almaniyadan Azərbaycana gətirilən yuyucu vasitələrin alqı-satqısı adı altında gəlir əldə etmək barədə yalan biznes layihəsi təqdim edib. O, tanışı olan zərərçəkmişlərdən birinə Almaniya istehsalı yuyucu vasitələrin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzindən ucuz qiymətə alınacağını, daha sonra isə Biləcəri qəsəbəsində yerləşən anbar və depolara daha yüksək qiymətə satılacağını bildirib.
Təqsirləndirilən şəxs həmin fəaliyyətdən böyük qazanc əldə olunacağını və əldə ediləcək gəlirin iştirakçılar arasında bölüşdürüləcəyini vəd edib.
İttihama əsasən, zərərçəkmiş şəxs bu vədlərə inanaraq özü ilə yanaşı digər tanışlarını da həmin biznesə yatırım etməyə razı salıb.
Cinayət işi materiallarında göstərilir ki, Əjdər müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərlə əlaqə saxlayaraq onlardan pul vəsaitləri toplamağa başlayıb.
2025-ci ilin fevral ayının əvvəlindən aprel ayının əvvəlinədək olan müddətdə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitləri təqsirləndirilən şəxsin istifadəsində olan elektron pul kisələrinə və bank hesablarına köçürülüb.
İstintaqın müəyyən etdiyi hallara görə, zərərçəkmiş şəxslərdən biri ona 1 000 manat, digər zərərçəkmiş şəxs 31 000 manat, başqa bir şəxs 40 000 manat, daha bir zərərçəkmiş isə 10 000 manat pul vəsaiti verib.
Pul köçürmələrinin əksəriyyəti “m10” elektron pul kisəsi vasitəsilə hissə-hissə həyata keçirilib.
Əjdər zərərçəkmiş şəxslərə göndərilən pulların qısa müddətdə gəlirlə geri qaytarılacağını və qazanc əldə ediləcəyini vəd etsə də, əslində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmayıb.
O, əldə etdiyi vəsaitləri biznes fəaliyyətinə yönəltməyib və şəxsi məqsədləri üçün istifadə edib.
Sonuncu köçürmələrdən biri 2025-ci ildə Bakı şəhərində yerləşən supermarketlərdən birində quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həyata keçirilib.
Belə ki, zərərçəkmiş şəxslərdən birinə məxsus ümumilikdə 10 000 manat pul vəsaiti hissə-hissə təqsirləndirilən şəxsin istifadəsində olan bank hesabına köçürülüb.
Nəticədə təqsirləndirilən şəxs dörd nəfərə məxsus ümumilikdə 92 min manat pul vəsaitini ələ keçirib.
İstintaq orqanı hesab edib ki, həmin vəsaitlərin əldə olunması əvvəlcədən düşünülmüş vahid cinayət niyyəti çərçivəsində həyata keçirilib və zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurulub.
Bundan başqa, Əjdər daha bir dələduzluq epizodu üzrə ittiham elan olunub.
Cinayət işi materiallarında göstərilir ki, o, tanışı olan digər zərərçəkmiş şəxslə əlaqə saxlayaraq bu dəfə tikinti sektoruna yatırım etmək adı altında gəlir əldə etmək vədi verib. Təqsirləndirilən şəxs həmin şəxsə tikinti şirkətlərindən birinə investisiya qoyulacağı, qısa müddət ərzində yüksək gəlir əldə ediləcəyi və yatırılan vəsaitin geri qaytarılacağı barədə məlumat verib. Zərərçəkmiş şəxs bu vədlərə inanaraq ona 20 000 manat pul vəsaiti verməyə razılaşıb.
Tərəflər arasında sonradan yarana biləcək şübhələri aradan qaldırmaq və əməli qanuni görüntü altında göstərmək məqsədilə notariat kontorunda borc müqaviləsi də rəsmiləşdirilib.
Müqavilə formal xarakter daşıyıb və təqsirləndirilən şəxs əvvəldən öhdəliyi yerinə yetirmək niyyətində olmayıb. O, notariat kontorunda zərərçəkmiş şəxsdən 20 000 manat pul vəsaiti alaraq mənimsəyib.
Beləliklə, təqsirləndirilən şəxs əvvəlki epizodlarla yanaşı daha bir zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq əməli törətməkdə təqsirləndirilib.
Toplanmış sübutlar, bank köçürmələrinə dair sənədlər, elektron pul kisələri üzrə məlumatlar, zərərçəkmiş şəxslərin ifadələri və digər materiallar əsasında təqsirləndirilən şəxsin müxtəlif şəxslərə qarşı ümumilikdə 112 000 manat məbləğində dələduzluq etdiyi müəyyən olunub.
Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
