“May ayında Bakıda və Abşeron yarımadasında bu cür kəskin və intensiv hava şəraitinin, xüsusilə də dolunun müşahidə edilməsi həqiqətən də paytaxt üçün çox nadir və qeyri-adi bir haldır”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış meteoroloq, Xəzər Universitetinin müəllim-mütəxəssisi Cavid Hüseynov bildirib. Onun sözlərinə görə, may ayında Bakıya dolu yağmasının bir neçə əsas səbəbi var:
“Bakıda və bütövlükdə ölkə ərazisində son vaxtlar müşahidə olunan anomal, kəskin qeyri-sabit hava şəraiti sadəcə təbii mövsümi dəyişiklik deyil, həm də qlobal və regional atmosfer proseslərinin toqquşmasının nəticəsidir. Dolu hadisəsi Azərbaycanda daha çox dağlıq və dağətəyi rayonlar üçün xarakterik olsa da, son vaxtlar paytaxtda bu anomal proseslərin şahidi oluruq”.
“Meteoroloji faktorlara əsasən, may ayında Bakıya dolu yağmasının bir neçə əsas səbəbi var. Yaz aylarında havanın temperaturu yüksəlməyə başlayır, lakin atmosferin yuxarı qatlarında hələ də soyuq hava kütlələri mövcud olur. Yerdən isti və rütubətli hava sürətlə yuxarıya doğru qalxır (konveksiya prosesi) və güclü şaquli inkişaf etmiş topa-yağış buludları yaranır. Bu buludların daxilində çox güclü hava axınları olur. Sürətlə yuxarı qalxan su damcıları donma temperaturundan aşağı olan təbəqələrə çatır, buza çevrilir və buludun daxilində dövr edərək böyüyür. Çəkisi ağırlaşdıqdan sonra isə yerə dolu şəklində düşür”.
“Son illərdə bütün dünyada, o cümlədən ölkəmizdə də müşahidə olunan qlobal iqlim dəyişiklikləri özünü ekstremal hava hadisələri ilə büruzə verir. Əvvəllər sakit, mülayim keçən mövsümlərdə qəfil anomal soyuqlar, normadan bir neçə dəfə çox yağıntı və ya kəskin hava dəyişiklikləri müşahidə edilir. Atmosfer sanki “tarazlığını itirib” və yığılmış nəhəng enerjini bu cür aqressiv şəkildə boşaldır. Qlobal iqlim dəyişikliyi fonunda tropik isti ilə arktik soyuğun ölkəmiz üzərində dəniz rütubəti ilə birləşməsi bu qeyri-adi yaz mənzərəsini ortaya çıxarır”.
Mütəxəssiz son olaraq qeyd edib ki, Bakının may ayında bu proseslə qarşılaşmasının əsas səbəbi qəfil daxil olan soyuq atmosfer cəbhələrinin yerli isti hava ilə yaratdığı kəskin temperatur fərqidir:
“Paytaxta yağan dolu lokal xarakter daşıyır – yəni şəhərin bir hissəsinə güclü dolu düşdüyü halda, bir neçə kilometr kənarda sadəcə yağış müşahidə oluna bilər. Bakının may ayında bu proseslə qarşılaşmasının əsas səbəbi qəfil daxil olan soyuq atmosfer cəbhələrinin yerli isti hava ilə yaratdığı kəskin temperatur fərqidir. Xəzər dənizindən gələn yüksək rütubət bu prosesi daha da intensivləşdirir və buludların rütubət tutumunu artıraraq yağıntının miqyasını böyüdür”.
