“Rəqəmsal texnologiyaların sürətli inkişafı media sənayesini də kökündən dəyişdirib. Bu baxımdan, Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin birləşməsi günümüzün əsas tələbidir”.
Bu sözləri Əməkdar jurnalist, “Konkret.az” xəbər portalının baş redaktoru Fadil Paşayev Hit.az-a açıqlamasında Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yaradılacaq Media və Yayım Şurasının əhəmiyyəti haqqında danışarkən deyib.

O bildirib ki, televiziya, çap, radio və internet mediasının vahid qurum altında birləşdirilməsi müasir dövrdə həm zərurət, həm də strateji üstünlük olacaq:
“İlk baxışdan Audivizual Şura ilə Medianın İnkişaf Agentliyi müxtəlif məzmun platformalarını əhatə etsə də, əslində televiziya və radio, eləcə də internet, sosial media texnoloji, iqtisadi və redaksiya baxımından bir-birinə çox yaxındır.
Ona görə də burada söhbət təkcə texniki birləşmədən getməyəcək. Həmçinin, iş modeli, redaksiya mədəniyyəti və auditoriya ilə ünsiyyət tam yenidən qurulacaq. Qurumun resurs səmərəliliyi artacaq”.
Baş redaktor vurğulayıb ki, vahid idarəetmə sistemi mediaya vahid yanaşmanı tam təmin edəcək:
“Mənim üçün önəmli tərəf odur ki, çap, onlayn və audiovizual media sisteminin sərhədləri ortadan qalxacaq. Bu isə media sahəsinə münasibətdə daha çevik mexanizmləri işə salacaq. Ən əsası “Media haqqında” Qanuna yenidən baxılacaq, tələb olunan dəyişikliklər baş verəcək ki, bundan da yerli media ancaq uğur qazanacaq.
Məsələnin bir müsbət, pozitiv tərəfi də budur ki, Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilir. Bunların arasında maliyyələşdirmə, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı və obyektiv işıqlandırılmasına nəzarət etmək kimi vəzifələr daxildir”.
Əməkdar jurnalist qeyd edib ki, çap, onlayn və televiziya mediasının birləşdiyi bir yerdə onları fərqli qurumlar tənzimləyəndə boşluqlar yaranırdı:
“Vahid qurum bütövləşmiş mediaya daha adekvat cavab verə biləcək. Dediyim kimi, iki ayrı qurum öz büdcəsini, aparatını, prioritetlərini ayrıca idarə edirdi. Birləşmədən sonra medianın inkişaf qrantları və yayım lisenziyaları eyni çərçivədə hazırlanacaq. Dövlət sifarişi mexanizmi daha sistemli işləyəcək. Resursların birləşməsi ilə həm çap, onlayn, həm audiovizual ekspertiza bir yerdə olacaq.
Media subyektləri çox platformalı fəaliyyət üçün tək ünvana müraciət edə biləcək. Podkast, “YouTube” və digər platformalar kimi hibrid formatlar daha aydın hüquqi çərçivəyə oturuşacaq. Əvvəl belə idi ki, iki quruma fərqli standartlar tətbiq edilirdi. Onun biri çap meyarlarına, digəri yayım meyarlarına aid edilirdi. Vahid qurumda isə etik normalar bütün media subyektlərinə eyni şəkildə tətbiq ediləcək”.
Fadil Paşayev vahid qurumun beynəlxalq əməkdaşlığın qurulmasında da öz gücünü artıracağına ümid etdiyini söyləyib:
“Xarici media qurumları, beynəlxalq yayımçı birliklərlə əməkdaşlıqda vahid mexanizm olacaq. Qısası, Azərbaycan mediası özünün daha güclü mərhələsinə qədəm qoyur. Bu isə ilk növbədə özünü dezinformasiyaya və manipulyasiyaya qarşı koordinasiyalı fəaliyyətdə göstərəcək.
Mənə elə gəlir ki, Azərbaycan mediasının xarici platformalarda asılılığını azaltmağın vaxtıdır. Biz özümüzün güclü rəqəmsal ekosistemini yaratmalıyıq. Bunun üçün yeni qurum tənzimləyici funksiyadan əlavə, inkişaf katalizatoru rolunu oynaya bilər”.
