Yaxın Şərqdə davam edən müharibə getdikcə qlobal xarakter alır. Qırmızı dənizdə Yəmən husilərinə qarşı başladılan hərbi əməliyyatlar regiona marağı daha da artırıb. İsrailli ekspert Konstantin Paxalyukun hesab edir ki, ABŞ bunu İsrailə müharibə elan edən husilərə qarşı həyata keçirir.
KONKRET.AZ onun müsahibəsini təqdim edir.
– ABŞ-nin Yəməndə husilərə zərbə endirməklə Yaxın Şərqdə yeni müharibəyə səbəb olmasını necə dəyərləndirirsiniz?
– Konflikti ABŞ yox, İsrailə müharibə elan edən və Qırmızı dəniz bölgəsində gəmiçiliyə mane olmağa başlayan husilər alovlandırdı. Bununla da biz əvvəllər mövcud olan münaqişələrin kəskinləşdiyini görürük. Fələstin əraziləri ilə bağlı vəziyyət uzun müddətdir, donmuş vəziyyətdədir. Yəməndəki vətəndaş müharibəsinin intensivliyi bir qədər azalıb. Əslində, Səudiyyə Ərəbistanı kimi digər regional güclər geri çəkilərək müharibə xərclərinin ABŞ və müttəfiqlərinin üzərinə düşməsinə səbəb oldular. Qəzzada vəziyyət fərqli məcarada inkişaf edir. HƏMAS bütün xərcləri ilə İsrailin problemidir. Əslində strategiya fərqlidir. İndi orada İranpərəst radikallar zorakılığı artırmaq qərarına gəliblər.
– Demək istəyirsiniz ki, Yaxın Şərqdə yeni gərginlik Vaşinqtonun maraqlarına uyğundur?
– Təbii ki, yox. Baydenin buna ehtiyacı yoxdur. Hətta Qəzzada HƏMAS və husilər üzərində qələbə Demokratlara xərclər və seçkilərdə potensial səs itkisi istisna olmaqla, heç bir şey vəd etmir, çünki qələbə inandırıcı görünmür.
– Belə çıxır ki, nə İngiltərənin, nə də ABŞ-nin İranı bu münaqişəyə çəkmək kimi məqsədi yoxdur?
– Baş verənlərin məntiqi məhz İranın təcrid edilməsindən ibarətdir. Tehran HƏMAS-la yollarını ayırdı, tezliklə husiləri də tərk edəcək. Bu isə Hizbullaha ciddi mesajdır.
– İranın münaqişəyə birbaşa müdaxiləsi nəzərdə tutulur?
– Uzun illərdir Həmas ilə İran arasında sıx əlaqələr var. Amma oktyabrın 7-dən bəri İrandan ciddi dəstək görmədik. İsrail indi HƏMAS-ı və onun tərəfdarlarını məhv edir. İran isə de-fakto seyrçi mövqedədir. Ritorik müdaxilələrin döyüş meydanına heç bir təsiri yoxdur.
– Bəs HƏMAS-ın İsrailə hücum planının arxasında hansı qüvvələr dayanırdı?
– Qərar Tehranın dəstəyi ilə Qəzzada verilib.
– Sizcə, Livan və Suriya Yaxın Şərq müharibəsinin episentrində ola bilərmi?
– Livan, daha doğrusu Hizbullah başağrısıdır. Bir tərəfdən, o, açıq-aşkar ehtiyatlı davranır, özünü hücuma məruz qoymur. Digər tərəfdən, Hizbullahın nə edəcəyi də tamamilə aydın deyil. Onun hərbi potensialı HƏMAS-dan dəfələrlə yüksəkdir.
– Yaxın Şərqdə yeni müharibə nə qədər uzana bilər?
– Məncə, gələcəkdə bir neçə məqana diqqət yetirməliyik. Birincisi məqam odur ki, ABŞ nə vaxta qədər xərcləri öz üzərinə götürməyə razı olacaq. İkincisi, İranın daxili sabitliyi ilə bağlı məsələ diqqətə alınmalıdr. Üçüncü məsələ səudiyyəlilərlə bağlıdır. Onların aktiv şəkildə müdaxiləsi çox şeyi dəyişə bilər.
– Yaxın Şərq böhranı hansısa şəkildə Cənubi Qafqaza təsir edə bilərmi?
– Düşünmürəm ki, Azərbaycanı qaçqın axını bürüyəcək. Amma neftin qiymətinin qalxması Azərbaycan üçün faydalı ola bilər. Məsələ bundadır ki, neft ixracatçıları arasında böhranlar həmişə digər bazar iştirakçıları üçün faydalıdır. Amma hələlik söhbət məhdud konfliktlərdən gedir. Bu, İraqdakı əməliyyat və ya Suriyadakı vətəndaş müharibəsi deyil. Bu fərqli münaqişədir.
Vəli Həsənov,
KONKRET.az
