Toy mərasimlərində spirtli içkilərin istifadəsinin məhdudlaşdırılması və ya tamamilə ləğv edilməsi məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Bəziləri bunun ailə məclislərində xoşagəlməz halların qarşısını alacağını düşünür, digərləri isə belə bir addımın şəxsi seçim azadlığına müdaxilə kimi qiymətləndirildiyini bildirirlər.
Görəsən, gələcəkdə toylarda spirtli içkilərdən imtina etmək mümkün olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ictimaiyyət nümayəndəsi Azər Həsrət bildirib ki, spirtli içkilər insan sağlamlığı üçün faydalı deyil və xüsusilə gənc nəslə mənfi təsir göstərir.

“Ümumiyyətlə, spirtli içki faydalı deyil, zərərlidir. Düşünürəm ki, maarifləndirmə yolu ilə spirtli içkilərin yığışdırılması yerinə düşər. Bəzən görürük ki, toylar və digər məclislər keçirilir. İçib normal davranan insanlar da var. Amma içkidən sonra özünü idarə edə bilməyən, bütün məclisi gözdən salan şəxslərlə də rastlaşırıq”.
Azər Həsrət qeyd edib ki, bu cür hallar ailə və qohumluq münasibətlərinə də mənfi təsir göstərir:
“Belə məclislərə adətən dostlar, qohumlar və yaxın tanışlar toplaşır. Sonradan müxtəlif narazılıqlar və mübahisələr yaranır. Bu baxımdan hesab edirəm ki, cəmiyyətdə belə bir təşəbbüs ortaya çıxsa, toy və digər mərasimlərdə spirtli içkilərin məhdudlaşdırılmasını və ya tamamilə yığışdırılmasını dəstəkləyərəm”.
O, vurğulayıb ki, onun mövqeyi dini yanaşma ilə bağlı deyil:
“Mənim fikrimcə, spirtli içkilər yığışdırılmalıdır. Bunu dinlə bağlamaq lazım deyil. Sadəcə olaraq ayıq başın tərəfdarıyam”, – deyə Azər Həsrət əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
