Belçika Ukraynaya 977 milyon avro ayıracaqbackend

Belçika Ukraynaya 977 milyon avro ayıracaq

Belçika bu il Ukraynaya hərbi yardım məqsədilə ən azı 977 milyon avro vəsait ayıracaq.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski və Belçikanın Baş naziri Aleksandr De Kroo təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında ikitərəfli Saziş imzalayıblar.

Məlumatda deyilir ki, ilk dəfə olaraq, belə təhlükəsizlik müqaviləsi Ukraynaya veriləcək hərbi təyyarələrin konkret sayını müəyyənləşdirib. 2028-ci ilə qədər Ukraynaya 30 F-16-nın verilməsi planlaşdırılır. Üstəlik, ilk qırıcılar artıq bu il təhvil verilməlidir.

Belçika, həmçinin Ukraynanın hava qüvvələri və hava hücumundan müdafiəsi, dəniz təhlükəsizliyi, minalardan təmizlənməsi sahəsində və sursat məsələləri üzrə koalisiya çərçivəsində ehtiyaclarını nəzərə alaraq, vaxtında təhlükəsizlik yardımı, müasir hərbi texnika və silahlar təqdim edəcəyinə zəmanət verir.

Sənədin ayrı-ayrı blokları müdafiə sənayesində ikitərəfli əməkdaşlığa, Ukrayna sülh düsturunun dəstəklənməsinə, sanksiyaların gücləndirilməsinə, itkilərin kompensasiyasına, təcavüzkarın məsuliyyətə cəlb edilməsinə, müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsinə və iqtisadiyyatın bərpasına yardıma həsr olunub.

Bundan əlavə, iki ölkə arasında kəşfiyyat, kibertəhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə sahələrində əməkdaşlıq dərinləşəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*