backend

"Benzinin 10 qəpik artımı yüksək avrostandartlarla bağlıdır" - ŞƏRH

Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Belə ki, 2022-ci ilin iyununadək dizel yanacağının, 2023-cü ilin iyununadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Bundan başqa ekspertlər hesab edir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə edildiyindən istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək.

 andemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarında neftin qiymətində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxardı. Bu, isə sözsüz ki, benzin, dizel yanacağı və digər neft məhsullarının qiymətinə də təsirsiz ötüşmür. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar- yəni 1 manat 77 qəpik təşkil edib ki, bu da il ərzində 14 fazi artım deməkdir.

Məsələn, Türkiyədə benzinin qiyməti 2020-ci ilin martında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 32 faiz artımla 7,2 lirə – yəni 1 manat 66 qəpik civarındadlr. Yaxud da Gürcüstanda eyni dövrdə 2,2 lariyə olan benzin ötən ay 2,4 lari və ya 1 manat 25 qəpik təşkil edib. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz, Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb. Ötən ilin sonundan başlayaraq bu tendensiya Avropada da   özünü göstərərərk noyabr-dekabr aylarında dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar. Bundan sonra onlar benzinin və dizelin litrinə görə 11 sent artıq xərcləyəcəklər. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında  orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Statistika göstərir ki, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb. Həmçinin dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək.

Bunun mexanizmi yanvarın sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Həmçinin dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri görüləcək.

2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə iki inqilabi sosial paket, pandemiya dövründə əhaliyə və biznesə dəstək həyata keçirilib, maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 72,4 faiz artırılaraq 200 manata çatdırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib.

2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. 800 min insanın problemli kredit narahatlığına son qoyulub. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 mln vətəndaşı-  –yəni əhalinin 42 faizi təşki edib.

Maliyyə yükü isə 2019-cu ildə 2,3 mlrd. manat, 2020-ci ildə 3 mlrd. manat olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib və 5 milyona yaxın vətəndaşı əhatə edən sosial paket üçün 3,5 milyard manat ayrılıb. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon, şəhər üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub.

100 min ailəyə ərzaq payı verilib. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7 faiz  artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat ödəniləcək. Əlillik dərəcəsinə görə verilən müavinətlər isə 40 faiz artırılıb.

Azər Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*