İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni leykemiya xəstəliyindən xəstəxanaya yerləşdirilməzdən əvvəl həyat yoldaşına və övladlarına vəfat edəcəyi təqdirdə vəsiyyətnamə yazıb.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, siyasətçi məktubu 22 yanvar 2022-ci il tarixində yazıb.
“Hörmətli Marina, Pier Silvio, Barbara və Eleanor, mən “San Raffaele”yə (siyasətçinin müalicə olunduğu klinika – red.) gedirəm. Geri qayıtmasam, aşağıdakıları qeyd edin”, – mətndə deyilir.
Belə ki, siyasətçi mirasından qardaşı Paolo və sonuncu həyat yoldaşı Marta Faşin üçün 100 milyon avro ayırmağı xahiş edib. O, yaxın dostu Marçello Del Utriyə isə 30 milyon avro verilməsini istəyib.
Bundan əvvəl nəşr Berluskoninin 4 milyard avroluq miras qoyduğunu yazıb.
Məlum olub ki, sabiq baş nazirin ondan çox villası, bir neçə mənzili, yaxtası, təyyarəsi və helikopteri var. Həmçinin siyasətçi “Fininvest” media holdinqinin və “Monza” futbol klubunun sahibi olub. “Forbes” jurnalı Berluskoninin sərvətini 7 milyard dollar qiymətləndirib.
Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də 86 yaşında vəfat edib.
İqbal Rzayev,
KONKRET.az
