Ev telefonları tarixə qovuşacaq – Bəs onları nə əvəzləyəcək?backend

Ev telefonları tarixə qovuşacaq - Bəs onları nə əvəzləyəcək?

Finlandiyada stasionar telefon şəbəkəsinin mərhələli şəkildə dayandırılması ilə bağlı qərar dünyada ənənəvi rabitə xidmətlərinin gələcəyi barədə müzakirələri yenidən gündəmə gətirib. Rəqəmsallaşmanın sürətlənməsi, mobil rabitə və internet üzərindən əlaqə imkanlarının genişlənməsi fonunda Azərbaycanda da stasionar telefonların taleyi maraq doğurur.

Bəs ölkəmizdə bu xidmət yaxın illərdə tarixə qovuşa bilərmi?

Mövzu ilə bağlı Kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev KONKRET.az-a açıqlamasında bildirib ki, Finlandiyanın bu istiqamətdə atdığı addım telekommunikasiya texnologiyalarının sürətlə dəyişdiyini və istifadəçi davranışlarının da buna uyğun transformasiya olunduğunu göstərir.

Ölkəmizdə kiberdələduzlar ən çox bu sahələrə hücumlar edirmiş - DETALLAR -  Patrulaz.Az

Onun sözlərinə görə, Azərbaycanda da son illərdə mobil rabitənin, fiber-optik internetin və internet üzərindən işləyən kommunikasiya xidmətlərinin geniş yayılması nəticəsində stasionar telefon xidmətlərinə tələbat əhəmiyyətli dərəcədə azalıb.

Bununla belə, ekspert hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda stasionar telefon rabitəsinin tamamilə istifadədən çıxacağını demək hələ tezdir.

“Bunun bir neçə səbəbi var. Dövlət qurumları, bəzi strateji müəssisələr, banklar, istehsalat obyektləri və digər kritik infrastruktur sahələri müəyyən hallarda hələ də stasionar rabitədən ehtiyat və ya alternativ əlaqə kanalı kimi istifadə edirlər. Texnologiyalar inkişaf etsə də, kommunikasiya sistemlərində alternativ rabitə kanallarının mövcudluğu davamlılıq və dayanıqlılıq baxımından vacib hesab olunur”, – deyə E.Atayev vurğulayıb.

Mütəxəssis qeyd edib ki, kibertəhlükəsizlik baxımından məsələyə yalnız rahatlıq prizmasından deyil, risklərin idarə olunması nöqteyi-nəzərindən yanaşmaq lazımdır.

“Müasir mobil və internet əsaslı rabitə sistemləri daha funksional olsa da, onlar kibertəhdidlərdən, xidmətin dayandırılması hücumlarından, proqram təminatı zəifliklərindən və internet infrastrukturunda yarana biləcək nasazlıqlardan asılıdır. Buna görə də kritik xidmətlərdə müxtəlif rabitə texnologiyalarının paralel istifadəsi təhlükəsizlik və fasiləsiz fəaliyyət üçün üstünlük hesab edilir”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*