Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zakir Xəlilzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Zakir Xəlilzadə 2026-cı il mayın 7-də saat 21:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən yaşadığı fərdi yaşayış evində həyat yoldaşı, zərərçəkmiş Maya Xəlilzadə (adı, soyadı şərtidir) ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmişə əvvəlcə kəllə ilə burun nahiyəsinə, daha sonra isə əli ilə sağ əlinə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xəlilzadəyə burun sümüyünün yerdəyişməyən sınığı, burunun yumşaq toxumalarının əzilməsi və qançırı, həmçinin sağ əlin 1-ci və 2-ci daraq-falanqa nahiyəsinin qançırı kimi xəsarətlər yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
İstintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edib.
Məhkəmə iclasında ifadə verən Zakir Xəlilzadə bildirib ki, zərərçəkmiş onun rəsmi nikahlı həyat yoldaşıdır və hazırda onlar boşanma mərhələsindədirlər.
Onun sözlərinə görə, onlar 2013-cü ildə ailə həyatı qurublar və nikahlarından iki övladları dünyaya gəlib. Əvvəllər münasibətləri normal olsa da, sonradan ailədaxili problemlər yaranıb.
Təqsirləndirilən şəxs deyib ki, hadisədən əvvəl təxminən üç ay idi ki, həyat yoldaşı ilə birlikdə yaşamırdı. O, sürücü işlədiyini, hadisə günü isə rayondan yük gətirdikdən sonra evə adapter götürmək üçün gəldiyini bildirib. Evə daxil olduqdan sonra uşağın ağladığını görüb və səbəbini soruşub. Uşaq anasının qonşuda olduğunu və onları özü ilə aparmadığını deyib. Bundan sonra o, uşağın anası barədə sərt ifadə işlədib. Həmin sözləri eşidən həyat yoldaşı ilə arasında mübahisə yaranıb.
Zakir Xəlilzadə bildirib ki, uşağın ağlaması onu əsəbiləşdirib və emosiyalarına hakim ola bilməyərək həyat yoldaşına kəllə ilə burun nahiyəsindən, daha sonra isə əli ilə sağ əlindən zərbə vurub. Hadisədən sonra evi tərk etdiyini deyib.
Məhkəmənin hadisə zamanı spirtli içki qəbul edib-etmədiyi barədə sualına cavabında o, hər hansı pis vərdişinin olmadığını, nə spirtli içki, nə də narkotik vasitədən istifadə etmədiyini söyləyib.
O, həmçinin qeyd edib ki, hadisə baş verən zaman evdə onlardan başqa heç kim olmayıb və hadisənin şahidi yoxdur.
Məhkəə araşdırması zamanı Zakir Xəlilzadənin ifadələrində müəyyən ziddiyyətlər aşkar edildiyindən, ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunaraq tədqiq edilib.
Həmin ifadəsində o göstərib ki, hadisə günü həyat yoldaşı ona “məndən boşanırsansa, evi tərk et” dedikdən sonra aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşının ona cavab qaytarması səbəbindən əsəbiləşib və nəticədə ona zərbə endirib.
