İsveçin NATO-ya üzvlüyü Litvada keçirilən Vilnüs Sammitində prioritet məsələlərdən biridir. Sammitdən əvvəl Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
Ancaq görüşdən əvvəl İsveç hələ də Türkiyənin gözlədiyi addımları atmayıb.
Belə ki, Stokholmun terrorla mübarizə qanununa etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın istədiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib.
Ankara açıq şəkildə bildirib ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq.
İsveçin alyansa üzvlüyünə qarşı çıxan Macarıstan bu prosesdə Türkiyə ilə birgə addım atacağını bildirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto qeyd edib ki, Türkiyənin İsveçlə bağlı münasibəti dəyişəcəyi təqdirdə Macarıstan prosesi ləngitməyəcək. O, həmçinin İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı türkiyəli həmkarı ilə əlaqə saxladığını bildirib.
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Türkiyənin bir çox böhranlarda vasitəçi rol oynadığını xatırladıb. O, Türkiyəni mühüm regional tərəfdaş kimi tanıyıb.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsindən sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib. Finlandiya prosesi aprel ayında tamamlayıb. İsveç isə hələ də Türkiyə və Macarıstandan razılıq almayıb.
İqbal Rzayev,
KONKRET.az
