“Bu gün KİV təmsilçiləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar” – DEPUTATbackend

"Bu gün KİV təmsilçiləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar" - DEPUTAT

Bu gün Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur.

Bununla bağlı KONKRET.az-a danışan deputat Vüqar İskəndərov bildirib ki, 145 il əvvəl, 1875-ci il 22 iyul tarixində görkəmli ziyalı və maarifçi, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız ötən müddət ərzində keşməkeşli və şərəfli yol keçib: “Bu müddət ərzində jurnalistlər bəzən repressiyalara məruz qaldı, bəzən də bütöv bir mətbu orqanlar bağlandı. Ancaq bütün bu çətinliklər mətbuat işığımızı söndürə bilmədi. Əksinə hər çətinlik milli mətbuatımızın daha da güclənməsinə səbəb oldu.

Nəticədə vətənpərvər, peşəsini canından da çox sevən, ölkənin istər regionda, istərsə də beynəlxalq səviyyədə müsbət imicinin formalaşmasında rol oynayan media işçiləri yetişdi. Hazırda da milli mətbuatımız ölkəmizin tale yüklü məsələlərində ön sıralardadır. Bu gün necə ki cəbhədə əsgərlərimiz öz silahları ilə torpaqlarımızı, vətənimizi qoruyursa, eləcə də mətbuat nümayəndələrimiz öz silahları olan qələmləri ilə bütün məsələlərdə ön sıralarda dayanırlar. Buna misal kimi son olayları göstərə bilərik. Pandemiyanın bütün dünyanı ağuşuna aldığı bir vaxtda ölkəmizdə polislər və həkimlərlə yanaşı mətbuat işçiləri də xəstəlikdən qorxmayaraq, canlarını riskə ataraq daim vətəndaşları məlumatlandırmaq üçün əllərindən gələni etdilər. Nəticədə onlar da qlobal düşmənlə mübarizədə cəmiyyətimiz üçün mühüm rol oynadılar. Həmçinin, işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindəki son hərbi təxribatı zamanı müxbirlər ən son hadisələri, cəbhədə baş verənləri elə döyüş bölgəsindən insanlarımıza çatdırmaqla, operativ şəkildə onların məlumatlanmasına imkan yaratdılar”.

Deputat qeyd edib ki, bu gün KİV təmsilçiləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu diqqət və qayğı nəticəsində uzun illər mətbuat sahəsində çalışmış, səmərəli fəailiyyət göstərmiş jurnalistlərə evlər verilir, onlar müxtəlif fəxri adlarla, mükafatlarla təltif edilir: “Son olaraq isə Prezident İlham Əliyev tərəfindən iyunun 30-da “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanması da bu diqqət və qayğının daha bir təsdiqidir. Mən də Azərbaycanda bütün media orqanlarında çalışanları təbrik edirəm. Arzu edirəm ki, qısa vaxt ərzində onların manşet xəbərlərində Qarabağımızın azad olunması ilə bağlı xəbərlər yer alsın.Bir daha bayramınız mübarək”.

 

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*