Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Baş nazir Əli Əsədov aprelin 14-də bununla bağlı müvafiq qərar imzalayıb. Qərara əsasən, bu, hüquqi və fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur. Bəs yeni dəyişikliklər kimlərə və necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, daha çox biznes subyektləri üçün nəzərdə tutulub:

“Əvvəllər bu məsələlərlə bağlı kiçik sahibkarlar ödənişlər etmirdilər. Amma indi ödənişlər olacaq. Yəqin ki, sayğac sisteminə keçəcəklər. Necə ölçüləcəyi isə ciddi sual doğurur. Yəni çay sularından kənd təsərrüfatı sistemində suvarma üçün istifadə olunursa, buna kimin sayğac qoyacağı və necə ölçüləcəyi, korrupsiyaya yol açıb-açmayacağı maraqlıdır. Qaydaların tətbiqinin əsas səbəbi resurslardan rasional istifadə ilə izah olunur. Amma Azərbaycanın bir ənənələri də mövcuddur. Kəndin ortasından keçən çaydan torpağını suvaran şəxsə daha loyal münasibət sərgiləmək mümkündür. Bütün bunlar kiçik və orta sahibkarlar üçün əlavə xərclər yaradacaq”.
İqtisadçı Xalid Kərimli isə saytımıza açıqlamasında deyib ki, bunun vətəndaşa birbaşa təsiri yoxdur:
“Çünki, burada suyun sənaye məqsədi üçün istifadəsindən söhbət gedir. Burada da qiymətlər çox yüksək deyil. Ona görə də, biznes üçün ciddi xərclər yaratmayacaq. Amma kənd təsərrüfatında müəyyən xərclər dəyişə bilər. Qısacası vətəndaşa və istehlakçıya ciddi təsir edəcəyini düşünmürəm”, – deyə ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
