Çağırışa həkimsiz gedən Təcili Tibbi Yardım barədə şok təfərrüatlar – VİDEObackend

Çağırışa həkimsiz gedən Təcili Tibbi Yardım barədə şok təfərrüatlar - VİDEO

Kamran Ələsgərov

Bir neçə gün bundan öncə Qusar rayonunda baş verən, ölkədə hələ indiyə qədər görünməmiş hadisə nəticəsində bir insanın dünyasını dəyişməsi böyük əks-səda yaratdı. Belə ki, həkim olmadan təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Kamran Qanbay oğlu Ələsgərovun keçinməsi acınacaqlı fakt kimi müzakirələrə səbəb olub.

Ailə üzvlərinin Konkret.az-ın əməkdaşına bildirdiyinə görə,  Kamran Ələsgərov ötən ay həyətlərindəki ağacdan yıxılaraq yaralanıbmış. Ailəsi onu Bakıda yerləşən tibb müəssisələrinin birinə apararaq əməliyyat etdirib. Kamran əməliyyatdan uğurla çıxıb və vəziyyəti yaxşılaşıb. Bir neçə gün həmin xəstəxanada stasionar müalicə alan xəstə daha sonra ambulator müailicə məqsədilə evə buraxılıb. Ev şəraitində müalicə alan Kamranın bir neçə gündən sonra vəziyyəti qəfildən pisləşib və ailə üzvləri təcili tibbi yardım xidmətinə zəng ediblər. Çağırış qeydə alındıqdan 1 saat sonra evə təcili yardım gəlsə də, maşında sürücüdən başqa heç kim olmayıb. Xəstəxanaya çatdırılan Kamran Ələsgərov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun ailə üzvlərinə vəziyyətinin yaxşı olmadığını bildirərək Bakıya aparılmalı olduğunu deyiblər və bunun üçün ailədən  400 manat tələb ediblər. Ailə üzvlərinin Səhiyyə Nazirliyinin qaynar xəttinə zəngindən sonra isə  xəstəxanadan onlara “sizə 200 manat güzəşt edirik, 200 manat verərsiz”, – deyilib.

Anası Sonaxanım Ələsgərova oğlunun ölümündə Qusar Rayon Mərkəzi Xəstəxanasının həkim və təcili yardım xidməti əməkdaşlarını günahkar sayır. O deyir ki, əgər təcili yardım maşını gələn zaman həkim olsaydı, oğlu dünyasını dəyişməzdi.

Qeyd edək ki, Ələsgərov Kamran Qanbay oğlu yeni ailə qurmuşdu. Bir aydan sonra ilk övladı dünyaya gələcək.  Amma təəssüf ki, ona övladının üzünü görmək qismət olmadı.

Cəlal Fərzəliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*