Qazaxstanlı Janat Şamiqanov qeyri-qanuni yolla ABŞ-a gəlib. Məsələ burasındadır ki, o, cəngəllikdən keçərək Mərkəzi Amerikanın yeddi ölkəsini keçməli olub.
KONKRET.az xəbər verir ki, Janat yeddi min kilometr yol qət edib, onun 500 kilometrini piyada gedib.
Janat miqrant olaraq keçdiyi yolun necə olduğunu izah edib: “Əvvəlcə Kolumbiyaya getdik. Oradan Panama sərhədinə keçdik. Artıq cəngəlliyə düşdük. Kosta Rika, Nikaraqua, Honduras, Qvatemala və Meksikanı keçib Birləşmiş Ştatlara çatdıq”.
Onun sözlərinə görə, bütün çətinliklər Panamaya çatandan sonra başlayıb. “Belə bir təbiət parkı – qoruq var – Darien. Orada insanlar tez-tez yoxa çıxır, çünki yollar yoxdur. Mən şəxsən bir çinli gördüm, o, mənə deyir ki, onun dəstəsi qarət olunub. Orada dünyanın hər yerindən gələn dəstələr gizlənir. Bunlar narkotiklə məşğul olan insanlar, qaçaqlar, cinayətkarlardır. Yerli polis sadəcə ora getmir”, – deyə qazaxıstanlı bildirib.
“Sahil mühafizəsi bizi görməsin deyə Karib dənizini gecə keçdik. Kosta-Rikada hər şey daha az təhlükəsizdir. Amma o zaman diqqətli olmaq lazımdır, çünki qruplar hər yerdə səni dayandırıb pul istəyə bilər. Əgər təksənsə, səni girov götürüb qohumlarından pul tələb edə bilərlər. Belə hallar Meksikada tez-tez baş verir”.
Janat ABŞ-da sərhədi qanunsuz keçdiyi üçün rəsmi olaraq işə düzələ bilmir və nağd ödənişlə müxtəlif işlərdə işləyir. Onun sözlərinə görə, yaxın illərdə Qazaxıstana qayıda bilməyəcək.
Sevinc Paşayeva,
KONKRET.az
