Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Dublinə səfəri zamanı keçirdiyi mətbuat konfransında Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı vətəndaşlara müraciət edərək, xüsusilə diqqətli olmalarını və təhlükəsizlik qaydalarına ciddi riayət etməklərini tövsiyə edib:
“Bu gün növbəti kütləvi hücuma hazırlıqla bağlı çox xoşagəlməz məlumatlar əldə etmişik. Kəşfiyyat məlumatlarımız var və mətbuat konfransımızdan dərhal sonra komandamla birlikdə təcili şəkildə Ukraynaya qayıdıram. Xalqımızdan özlərini, ailələrini və uşaqlarını qorumalarını, hava həyəcanı siqnalları zamanı mütləq sığınacaqlardan istifadə etmələrini xahiş edirəm. Bu, çox vacibdir”.
Qeyd edək ki, Zelenski bir müddətdir ki, Rusiyanın hücum potensialını və təhlükəsizlik risklərini nəzarətdə saxladıqlarını bildirir.
Natiq Səlim,
KONKRET.az
