Çin elə bir üsul inkişaf etdirib ki, daxil olduğu hər bir sahə bir neçə ildən sonra demək olar ki, tamamilə onun nəzarətinə keçir.
İlk litium-ion batareya 1991-ci ildə Yaponiyanın Sony şirkəti tərəfindən istehsal edilib. Uzun illər bu sahənin lideri də Yaponiya olub.
Bu gün isə dünyada istehsal olunan batareyaların təxminən 70 faizi Çində hazırlanır. Üstəlik, məsələ təkcə batareyalarla bitmir.
Bir vaxtlar günəş panellərinin istehsalında Yaponiya və Almaniya, polad sənayesində Avropa, nadir torpaq elementlərində isə ABŞ ön sırada idi. Bu gün isə bu sahələrin böyük hissəsində Çin dominant mövqedədir.
Bunların heç biri müharibə ilə itirilməyib. Hamısını ələ keçirən əsas silah isə eyni olub:
Ucuzluq.
Bəs ucuzluq bütöv bir sənayeni necə sıradan çıxara bilir Çinin bunun üçün dörd mərhələdən ibarət strategiyası var.
Birinci mərhələ
Dövlət hər hansı bir sahəni strateji istiqamət elan edir. Bundan sonra həmin sahəyə geniş dəstək verilir: ucuz kreditlər, ucuz elektrik enerjisi, ucuz torpaq sahələri və vergi güzəştləri.
İkinci mərhələ
Bu dəstəyin hesabına Çin şirkətləri məhsulu hamıdan daha ucuz istehsal edirlər.
Onlar ya çox az mənfəətlə, ya da ümumiyyətlə mənfəətsiz satış həyata keçirirlər.
Məqsəd qazanc əldə etmək deyil, rəqiblərin enə bilməyəcəyi qiymət səviyyəsi yaratmaqdır. Arxalarında dövlət olduğu üçün illərlə bu qiymətlə işləyə bilirlər.
Üçüncü mərhələ
Dünyanın digər istehsalçıları bu qiymətlə rəqabət apara bilmirlər. Qərb şirkətləri əvvəlcə zərərə düşür, sonra isə bir-bir fəaliyyətini dayandırır.
Dördüncü mərhələ
Rəqiblər bazardan çıxarıldıqdan sonra Çin həmin sahədə faktiki inhisarçıya çevrilir. Artıq qiymətləri də, bazar qaydalarını da o müəyyənləşdirir. Bunun ən bariz nümunəsi günəş panelləri bazarıdır.
Maraqlıdır ki, Çin şirkətləri bu gün də günəş panellərini bəzən zərərlə satırlar. Onların istehsal gücü dünya tələbatından təxminən iki dəfə çoxdur. Zərər belə onlar üçün investisiya sayılır. Çünki sonda bazarda ayaqda qalan yenə Çin olur.
Amma Çinin əsl ustalığı daha dərin səviyyədədir. O, əksər hallarda xammalı deyil, onun emalını nəzarətə götürür.
Məsələn, dünyadakı misin cəmi 8 faizini hasil etsə də, rafinə edilmiş mis istehsalının 47 faizini həyata keçirir.
Litium ehtiyatlarının 7 faizindən də azına sahib olsa da, dünya litiumunun 80 faizini emal edir.
Kobalt emalının 77 faizi, nadir torpaq elementlərinin emalının isə 90 faizi Çinin payına düşür.
Yəni xammal sizin ölkənizdə ola bilər. Amma onu istifadəyə yararlı vəziyyətə gətirən zavod Çində yerləşirsə, əsas qazanan da odur. Təkcə mədənə sahib olmaq kifayət etmir, onu emal edən üstünlük qazanır. İnhisar yarandıqdan sonra ikinci mərhələ başlayır
Əvvəl ucuz satıcı olan Çin sonradan bazarın “qapısını tutan” tərəfə çevrilir. Bunu son bir ildə dəfələrlə nümayiş etdirib. Məsələn, nadir torpaq elementləri ilə bağlı yeni qayda tətbiq edib. Əgər hər hansı məhsulun tərkibində hətta mində bir nisbətində belə Çin mənşəli komponent varsa, həmin məhsulun ixracı Çinin icazəsinə bağlana bilər.
Bunun ən konkret nümunəsi antimondur. Silah-sursat istehsalında istifadə olunan bu metal üzrə ABŞ demək olar ki, tamamilə idxaldan asılıdır. Çin ixracı məhdudlaşdırdıqdan sonra tədarük 97 faiz azalıb, qiymətlər isə üç dəfə artıb.
Daha sonra Çin çip sənayesi üçün həyati əhəmiyyət daşıyan qallium və germanium elementlərinin ABŞ-yə ixracını tam dayandırdı.
Sonradan isə bunları ticarət razılaşması çərçivəsində müvəqqəti bərpa etdi.
Beləliklə, həm ixracı dayandıra bildiyini, həm də istədiyi vaxt yenidən açmaq gücünə malik olduğunu göstərdi. Əsl güc də məhz budur. Artıq “kran” onun əlindədir. Bir rəqəm bütün mənzərəni izah edir:
Çin 20 kritik mineraldan 19-unun emalında dünya lideridir. Bu artıq təkcə bir sənaye məsələsi deyil. Demək olar ki, bütün müasir istehsal sahələrinin əsas xammalı Çin zavodlarından keçir.
Diqqətdən yayınan başqa bir məqam da var. Çin bu prosesə əhəmiyyətsiz görünən ucuz polad istehsalı ilə başladı. Sonra addım-addım daha strateji sahələrə keçdi.
İndi isə süni intellektə yönəlib. Burada da eyni strategiyadan istifadə olunur. Süni intellekt modellərini pulsuz və açıq şəkildə təqdim etməklə rəqibləri zərərə salmaq. Halbuki süni intellekt təkcə bir sahə deyil. O, gələcəyin bütün sənaye və iqtisadiyyatının təməlidir. Bu dəfə itirilən təkcə bir sənaye yox, gələcəyin özü ola bilər.
Bəs ABŞ nə edir?
Maraqlısı odur ki, ABŞ uzun illər sərbəst bazar iqtisadiyyatını müdafiə edir, dövlətin iqtisadiyyata müdaxiləsinə qarşı çıxırdı.
Lakin Çinlə rəqabətin çətinləşdiyini gördükdən sonra tənqid etdiyi üsula özü də müraciət etməyə başlayıb. Dövlət artıq birbaşa şirkətlərə ortaq olur.
ABŞ hökuməti çip istehsalçısı Intel şirkətinin təxminən 10 faizinə sahib olub.
Nadir torpaq elementləri sahəsində fəaliyyət göstərən MP Materials şirkətinə investisiya yatıraraq onun ən böyük səhmdarına çevrilib.
Təkcə 2025-ci ildə ABŞ bu üsulla yeddi şirkətə ortaq olub. Beləliklə, oyunun qaydaları dəyişir. Çinin dövlət dəstəyi ilə həyata keçirdiyi modeli ABŞ da tətbiq etməyə başlayıb.
Lakin bir problem var: Çin bu strategiyanı onilliklər əvvəl qurmağa başlayıb. ABŞ isə buna yalnız indi reaksiya verir. Bütün strategiyanın mahiyyəti budur: Əvvəlcə ucuzluqla bazara daxil olmaq, sonra inhisar yaratmaq və sonda həmin üstünlüyü geosiyasi alətə çevirmək. Sən elə düşünürsən ki, məhsulu sadəcə ucuz alırsan. Halbuki bir gün həmin məhsulu sənə satıb-satmamaq qərarını Çin verə bilər.
Çinin keçmiş lideri Den Syaopininqin məşhur bir sözü var: “Gücünü göstərmə, vaxtını gözlə”. Çin uzun illər ərzində məhz bu prinsip əsasında hərəkət edib.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
