PSJ futbolçularına Çempionlar Liqasını qazanacaqları halda böyük məbləğdə mükafat veriləcək. Fransa təmsilçisi mayın 30-da turnirin finalında “Arsenal”la qarşılaşacaq.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə L’Équipe nəşri məlumat yayıb.
Məlumata görə, qələbə qazanılacağı təqdirdə hər futbolçu təxminən 1 milyon avro mükafat alacaq.
Bildirilib ki, ötən il Paris klubunun ÇL-də “Inter”i 5:0 hesabı ilə məğlub edərək kuboku qazandığı vaxt da eyni məbləğ ödənilmişdi.
Mənbənin məlumatına görə, əksər böyük Avropa klublarında olduğu kimi, bonus məsələləri mövsümün əvvəlində müzakirə olunub. PSJ rəhbərliyi ilə danışıqları komandanın kapitanları – Markinyos, Əşrəf Hakimi, Usman Dembele və Vitinya aparıb.
Qeyd olunub ki, Liqa 1-də futbolçulara yalnız çempionluq halında bonus verilir. Eyni prinsip Çempionlar Liqasında da tətbiq olunur. Klub rəhbərliyi hesab edir ki, əsas motivasiya pul yox, qazanılan titullar olmalıdır.
