Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən və sosial şəbəkələrdə “Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevaya məhkəmənin 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verməsi ictimai müzakirələrə səbəb olub. Bu fonda “zərərçəkən tərəf sonradan barışarsa və ya şikayətini geri götürərsə, hökm dəyişə bilərmi?” sualı gündəmə gəlib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Toğrul Məmmədov bildirib ki, hökm çıxarıldıqdan sonra cəzanın dəyişdirilməsi yalnız məhkəmə qərarı əsasında mümkündür.

Onun sözlərinə görə, tərəf qanunvericilikdə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verə bilər:
“Apellyasiya şikayətinə baxılan müddətdə zərərçəkən tərəflə barışıq əldə olunarsa, bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndiriləcək. Məhkəmə həmin amili nəzərə alaraq cəzanın dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Bu isə artıq məhkəmənin mülahizəsindən asılıdır.”
Hüquqşünas vurğulayıb ki, zərərçəkənlə barışıq hökmün avtomatik olaraq ləğv edilməsi və ya şəxsin azadlığa buraxılması anlamına gəlmir.
“Zərərçəkənlə barışıq bu kateqoriyadan olan işlərdə cəzanın yüngülləşdirilməsinə şərait yaradan mühüm amillərdən biridir. Lakin yekun qərarı yalnız məhkəmə verir. Barışıq cəzanın azaldılması üçün əsaslardan biri sayılsa da, bu, hökmün avtomatik dəyişdirilməsi demək deyil”, – deyə Toğrul Məmmədov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
