Hörmüz boğazı və ətraf ərazilərdən keçən sualtı internet kabellərinin sıradan çıxması beynəlxalq məlumat mübadiləsində ciddi problemlər yarada bilər. Belə bir vəziyyət Azərbaycanın internet bağlantısına, bank əməliyyatlarına və rəqəmsal xidmətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Hörmüz boğazında sualtı internet kabellərinin sıradan çıxması Azərbaycanın rəqəmsal təhlükəsizliyinə təsir göstərə bilər.

“Müasir dünyada internet yalnız sosial şəbəkələrə və saytlara daxil olmaq vasitəsi deyil. Bank əməliyyatları, beynəlxalq ticarət, dövlət xidmətləri, şirkətlərin fəaliyyəti və maliyyə sisteminin mühüm hissəsi bu infrastrukturdan asılıdır.
Azərbaycanın internet bağlantısına təsirin səviyyəsi birbaşa ölkənin beynəlxalq trafik daşıma marşrutlarından asılıdır. Sıradan çıxan kabellər Azərbaycan operatorlarının istifadə etdiyi rabitə xətləri ilə əlaqəli olarsa, internet sürətində azalma, gecikmələrin artması və bəzi beynəlxalq xidmətlərə çıxışda çətinliklər yarana bilər.
Lakin bu, ölkədə internetin tamamilə kəsiləcəyi demək deyil”.
İbrahimovun fikrincə, belə hallarda məlumat trafiki alternativ marşrutlara yönləndirilə bilər. Bununla belə, ehtiyat xətlərin ötürmə imkanları məhdud olarsa, istifadəçilər xidmət keyfiyyətinin aşağı düşməsi ilə üzləşə bilərlər.
“Sualtı kabellərdə baş verən nasazlıqların təsiri yalnız internet sürəti ilə məhdudlaşmır. Beynəlxalq ödənişlər, bankların xarici sistemlərlə əlaqəsi, elektron ticarət, bulud xidmətləri və məlumat mübadiləsi də əlavə gecikmələrlə üzləşər. Bu isə biznes subyektləri üçün vaxt itkisinə, əlavə xərclərə və maliyyə itkilərinə səbəb ola bilər”.
Asif İbrahimov hesab edir ki, bu cür risklərin azaldılması üçün Azərbaycanın beynəlxalq internet bağlantıları şaxələndirilməli, alternativ rabitə marşrutlarının imkanları genişləndirilməlidir. Müxtəlif beynəlxalq operatorlarla əməkdaşlıq, quru və dəniz rabitə xətlərinin alternativliyi, ehtiyat ötürmə imkanları və məlumat mərkəzlərinin dayanıqlığı rəqəmsal təhlükəsizliyin əsas şərtlərindəndir.
“İnternet infrastrukturu rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə enerji, nəqliyyat və maliyyə infrastrukturu qədər strateji əhəmiyyət daşıyır. Buna görə də mümkün böhranların nəticələrini minimuma endirmək üçün risklər əvvəlcədən qiymətləndirilməli, alternativ bağlantıların işləkliyi yoxlanılmalı və fövqəladə vəziyyətlərə hazırlıq gücləndirilməlidir”.
Beləliklə, Hörmüz boğazı ətrafındakı sualtı internet kabellərində ciddi nasazlıq Azərbaycanın beynəlxalq internet bağlantısına və məlumat mübadiləsinə təsir göstərə bilər. Ancaq bu təsirin nə dərəcədə ciddi olacağını müəyyənləşdirmək üçün ölkənin istifadə etdiyi beynəlxalq trafik marşrutları və ehtiyat bağlantıları nəzərə alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
