Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə olmalqa yanaşı, iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib-çıxaracaq.
Bunu KONKRET.az-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
“Həmin yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində start verilsə də, sonradan iki ölkə yatağın işlənməsi barədə müzakirələrə başladı. İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kubmetr təbii qaz var. Yəni, yataqda kifayət qədər böyük enerji resursları mövcuddur. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların daha da çox olacağı gözlənilir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhfə verəcək”, – deputat qeyd edib.
