Son günlərdə bir sıra dövlət qurumlarında əməkdaşların maaşlarının uzun müddətdir verilməməsinə dair xəbərlər yayılır.
Mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydır ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb. Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.
KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib. O bildirib ki, bəzi texniki məsələlər var, onlar həll ediləcək və maaşlar veriləcək. Süni ajiotaja ehtiyac yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri də əməkhaqqı ala bilmirlər. Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.
Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.
AAYDA-dan isə bildirilib ki, qurum maaşları köçürüb, ola bilər yerli idarələr əməkhaqlarını ödəməyib.
Digər bəzi strukturlarda da belə hallar var.
Ötənlərdə belə halların şahidi olmuşuq ki, bir çox qurumların rəhbər şəxsləri əməkhaqlarını iki-üç ay ödəmir və onu dövr etdirib böyük pullar qazanırlar.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Yeni Müsavat”a şərhində Əmək Məcəlləsində sözügedən halla bağlı işçilərin hüquqlarını diqqətə çatdırdı: “Əmək Məcəlləsinə görə,işəgötürənin günahı ucbatından əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi qədər kompensasiya ödənməlidir. İşçi bunu həm məhkəmə yolu ilə, həm də məhkəmə olmadan tələb edə bilər. Bəzən işəgötürənin günahı olmadan əməkhaqqının verilməsində gecikmələr olur. Büdcə təşkilatlarında adətən ilin əvvəlində bu hal yaşanır. Hesab edirəm ki, bu günlərdə adıçəkilən DGK və AYDAA-da rəhbər şəxslərin əlavə qazanc məqsədilə əməkhaqlarını dövriyyəyə buraxması mümkün deyil. Hər bir halda işçilərin hüquqları pozulursa, Dövlət Əmək Müfəttişli Xidmətinin diqqəti bu məsələyə yönəlməlidir, o cümlədən müvafiq dövlət orqanları ictimaiyyətə açıqlama verməlidirlər”.
“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi”nin rəhbəri Xəyal Bəşirov isə “Yeni Müsavat” a bildirdi ki, mütəmadi olaraq belə məlumatlar yayılır, lakin bir sıra hallarda məlumatlar şişirdilmiş olur: “Bəzi hallarda bir neçə gün gecikdirilmiş əməkhaqları sanki uzun müddət gecikdirilmiş kimi qələmə verilir. Bu da təbii ki, insanların narahatlığından istifadə etmək istəyən şəxslərin xoş olmayan niyyətlərindən xəbər verir. Lakin bəzən həqiqətən də əməkhaqlarının verilməsi gecikdirilir. Dövlət, yaxud özəl qurum olmasından asılı olmayaraq, işçilərin əməkhaqları vaxtı-vaxtında ödənməlidir. Əmək müqaviləsində işəgötürən və işçinin vəzifələri qeyd olunur. Əgər işçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, töhmət, şiddətli töhmət kimi cəzalandırma tədbirləri görülür, eyni zamanda işdən azadetmə məsələsi gündəmə gələ bilər. İşəgötürənin isə üzərinə götürdüyü ən əsas vəzifələrdən biri işçilərin əməkhaqqının vaxtında ödənməsidir. Azərbaycan Əmək Qanunvericiliyində hər bir tərəfin məsuliyyətini müəyyən edən məqamlar əks olunub. Əmək Qanunvericiliyinə əsasən, işçinin əməkhaqqının gecikdirilməsinə görə işəgötürən qarşısında iddianın qaldırılması və sübuta yetirilərsə, hər gecikdirilən günə görə əməkhaqqının bir faizinin ödənilməsi nəzərdə tutulur. Bu, məhkəmə müstəvisində həll oluna biləcək məsələdir. Lakin məlumdur ki, işçilərin belə addım atmaması, işini itirməkdən qorxması işəgötürənlərdə arxayınlıq hissi yaradır. Buna görə də əməkhaqqının gecikdirilməsi hallarına səthi yanaşılır. Bu da əmək hüquqlarının pozulmasına səbəb olur. Əməkhaqqının gecikdirilməsi maliyyə problemlərinə gətirib çıxarır. Əgər hər hansı fors-major hal yaşanmayıbsa, əməkhaqqının gecikdirilməsinə səbəb olacaq əsaslandırılmış hal yoxdursa, dövlət, yaxud özəl sektor olmasından asılı olmayaraq, bundan sui-istifadə edən, əməkhaqlarını dövriyyəyə buraxıb əlavə gəlir əldə etmək istəyən işəgötürənlər ola bilər. Əgər belə hal varsa, o zaman daha ağır məsuliyyət yaranır. Bu hal sözügedən şəxslərin cəzalandırılmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu halı sübuta yetirmək üçün işçilər ümumi qaydada müraciət etməlidirlər. Əməkhaqlarının vaxtında ödənməsi üçün imkan olduğu halda ödənməməsi, rəhbər şəxslərin maraqlarına xidmət etmək üçün dövriyyəyə buraxılması sübuta yetirilərsə, bu artıq vəzifə səlahiyyətləri aşma deməkdir, yəni cinayət məsuliyyəti yaradır. Bu halda həmin şəxslər barədə ciddi ölçülər götürülməlidir”.