Ailələri, yaxınları, dostları onlardan xəbər ala bilmir. Onların yaşayıb-yaşamadıqları haqda heç bir məlumat yoxdur. Çünki onlar itkin düşmüş hesab olunurlar. Bu gün, yəni 30 avqust – BMT-nin Baş Məclisi tərəfindən təsis edilən Beynəlxalq İtkinlər Günüdür. Dünyanın bir çox müharibə zonalarında itkin düşən hərbçilərə və mülki insanlara rast gəlmək mümkündür. Təəssüflər olsun ki, Azərbaycanın da Birinci və İkinci Qarabağ müharibələri zamanı həm hərbçiləri, həm də mülki şəxsləri itkin düşüb. Ancaq acınacaqlı məqam ondan ibarətdir ki, bu günə qədər erməni vandalları tərəfindən həmin şəxslərin aqibəti haqda nə Azərbaycan hökumətinə, nə də beynəlxalq təşkilatlara heç bir məlumat verilməyib. Əvəzində isə müxtəlif mənbələrdən əldə olunan məlumatlar bu şəxslərin dəhşətli işgəncələrin və ağılasığmaz cinayətlərin qurbanına çevrildiyini deməyə əsas verir.
Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistandan isə heç bir beynəlxalq təşkilat və ya dövlət hesabat istəmir. Ona görə də, Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşən minlərlə azərbaycanlının taleyindən bu günə qədər xəbər yoxdur. Çünki Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı mənfur düşmən bir çox beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Müharibə qaydalarına zidd olaraq mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və bir çox hallarda qətlə yetirilib. Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və izlərin itirilməsi məqsədilə meyitlər Azərbaycan tərəfinə təqdim edilməyib. Amma Azərbaycan hökuməti beynəlxalq səviyyədə itkin düşən və girov götürülən insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” ilə bağlı iki ildən bir qətnamə qəbul edilir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, BMT-nin İnsan Haqları üzrə Komissiyası və Məhkəməsi bu işlə məşğul olmayıb: “Xristian dövlətlərində hər hansısa bir hadisə baş verdikdə, həmin anda bu təşkilatlar sərt reaksiya sərgiləyirlər. BMT-nin yarandığı bu illər ərzində isə adıçəkilən qurumda müsəlmanlara qarşı həyata keçirilən qətliamlar haqqında bir dəfə də məsələ qaldırılmayıb. Hətta Ruanda qətliamı ilə bağlı da qərar verdilər, amma Azərbaycanla əlaqəli heç bir addım atmırlar. İstər BMT-ni idarə edən ABŞ, istərsə də Təhlükəsizlik Şurasının üzvləri olan “5”lik bu istiqamətdə heç bir iş görməyib. Birinci Qarabağ müharibəsində Azərbaycandan 3100-dən çox yalnız hərbçi itkin düşüb. Bildiyiniz kimi 1967-ci il Hərbi Konvensiyası, və müharibə şəraitində mülki əhalinin vəziyyəti haqda Vyana Konvensiyası mövcuddur. Bu iki Konvensiyanın müddəaları ermənilər tərəfindən kobud şəkildə pozulub. Bu günə qədər nə BMT, nə Avropa İnsan Haqları Məhkəməsi, nə də digər beynəlxalq qurumlar Azərbaycanın haqq səsini eşitməyib”.

Cümşüd Nuriyev əlavə edib ki, bizim axtardığımız kütləvi məzarlıqların çoxu əslində Qarabağda deyil: “Çünki ermənilər əvvəl-axır Azərbaycanın öz torpaqlarını geri qaytaracağını bilirdilər. Ona görə də Ballıqaya, Başlıbel və digər bu kimi qətliamların törədildiyi kütləvi məzarlıqlar olsa da, daha çox kütləvi məzarlıqların Ermənistan ərazisində mövcudluğunu bilirik. Çünki əsir və girovlarımızın ora aparıldığına, işgəncələrə məruz qaldığına və orqanlarının satıldığına dair məlumatlar mövcuddur. Ermənilər bu sahədə çox böyük biznes qurublar. Dünya isə Azərbaycana qarşı hələ də kor, kar və laldır. Dünyanın ikiüzlü siyasət yürütdüyü bir şəraitdə ermənilərin hansısa cinayətlərinin üstünün açılacağına inanmıram. Çünki bu, erməni xislətindən irəli gələn bir məsələdir. Ermənilər orqanlarını satdıqları əsir və girovların hamısını yandırıblar. O vaxt Xankəndidə ələ keçən əsir və girovların orqanlarını satdıqdan sonra, onları basdıqmaq əvəzinə yandırırdılar. Bu məsələlər gündəmə gətirilməlidir. O vaxt Xocalıdan, Qubadlıdan və digər ərazilərdən erməni girovluğundan qayıdanların izahatlarında da bu məsələlər öz əksini tapıb”.
Politoloq bildirib ki, Vətən müharibəsində itkin düşən 6 hərbçimizin aqibəti də məlum deyil: “İndiyə qədər onların ya dirisi, ya da ölüsü tapılmalı idi. Bizə bu günə qədər ermənilər tərəfindən itkin düşən vətəndaşlarımız haqda heç bir məlumat verilmir. Bizim genetik olaraq yaddaşımıza yazılıb ki, ermənilər şəhidlərimizlə qeyri-insani rəftar edir. Ona görə də, biz onlarda demək olar ki, şəhidimizin qalmasına imkan vermədik. Amma Vətən müharibəsində əsir və itkin düşənlərin sayı çox deyil. Əgər onlar ermənilərin əlindədirsə, onda sağ qalma ehtimalları yoxdur. Çünki erməni vandalları iz buraxmamaq üçün bütün qeyri-insani hərəkətləri həyata keçirirlər. Üstəlik Ermənistan tərəfinin onlar haqda hansısa məlumat verəcəyinə inanmıram. Beynəlxalq təşkilatların, o cümlədən də Qızıl Aypara Cəmiyyətinin bu sahədəki fəaliyyəti isə yarıtmazdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
