İnsanın zaman keçdikcə özünə qapanması, evdən çıxmaqdan və insanlarla ünsiyyətdən uzaq durması bəzən sadəcə yorğunluq və ya sosiallaşma istəyinin azalması kimi qiymətləndirilir. Lakin davamlı halsızlıq, həvəssizlik, əsəbilik, aqressiv davranış və sonradan yaranan peşmanlıq hissi daha ciddi psixoloji problemlərlə əlaqəli ola bilər. Xüsusilə bu hallar uzun müddət davam edir və insanın gündəlik həyatına, işinə, ailə münasibətlərinə və sosial fəaliyyətinə təsir göstərirsə, vəziyyətə diqqət yetirmək vacibdir.
Bəs insanın özünə qapanmasının əsas səbəbləri nələrdir? Davamlı halsızlıq, həvəssizlik və aqressiya hansı psixoloji problemlərin əlaməti ola bilər və belə vəziyyətdə insan nə zaman mütləq psixoloqa müraciət etməlidir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Ləman Kazımova bildirib ki, insanın zaman keçdikcə özünə qapanması və əvvəlki sosial münasibətlərindən uzaqlaşması müxtəlif səbəblərlə bağlı ola bilər.
Onun sözlərinə görə, bu vəziyyət uzunmüddətli stress, emosional tükənmə, travmatik yaşantılar, depressiv vəziyyət və ya sosial narahatlıqla əlaqəli ola bilər:
“Bəzi hallarda insan yaşadığı daxili gərginlik və emosional yorğunluq səbəbindən insanlarla ünsiyyətdən qaçmağa, evdən çıxmaq istəməməyə və tək qalmağa üstünlük verməyə başlayır. Əgər insan əvvəllər zövq aldığı fəaliyyətlərdən uzaqlaşır, dostları və yaxınları ilə görüşməkdən çəkinir, sosial münasibətlərini məhdudlaşdırır və getdikcə daha çox özünə qapanırsa, bu vəziyyətə diqqət yetirmək vacibdir. Xüsusilə bu dəyişikliklər uzun müddət davam edir və insanın gündəlik həyatına, işinə, ailə münasibətlərinə və sosial fəaliyyətinə təsir göstərirsə, problemin səbəblərinin araşdırılması mühüm əhəmiyyət daşıyır.
Davamlı halsızlıq, həvəssizlik, əsəbilik və aqressiv davranış müxtəlif psixoloji vəziyyətlərlə əlaqəli ola bilər. Bu əlamətlər depressiya, narahatlıq, uzunmüddətli stress və emosional tükənmə kimi vəziyyətlərdə müşahidə edilə bilər. İnsan özündə yaranan daxili gərginliyi bəzən əsəbilik və aqressiv davranışla ifadə edə bilər.
Aqressiv davranışdan sonra yaranan peşmanlıq hissi də diqqətə alınmalı məqamlardan biridir. Belə hallar insanın emosiyalarını idarə etməkdə çətinlik çəkdiyini və yaşadığı gərginliyin davranışlarına təsir etdiyini göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, sadalanan əlamətlər təkbaşına konkret psixoloji problem müəyyənləşdirməyə və ya diaqnoz qoymağa əsas vermir. Eyni əlamətlər müxtəlif səbəblərdən yarana bilər və vəziyyətin düzgün qiymətləndirilməsi üçün mütəxəssis tərəfindən ətraflı dəyərləndirmə tələb olunur.
Əlamətlər davamlı xarakter alırsa, insanın gündəlik fəaliyyətinə, işinə, ailə və sosial münasibətlərinə mənfi təsir göstərirsə, psixoloqa müraciət etmək tövsiyə olunur. Bunun üçün vəziyyətin daha da ağırlaşmasını və problemin uzun müddət davam etməsini gözləmək lazım deyil. İnsan özündə və ya yaxınında davamlı özünəqapanma, həvəssizlik, əsəbilik, sosial münasibətlərdən uzaqlaşma və emosional gərginlik müşahidə edirsə, vaxtında mütəxəssisə müraciət etməsi problemin səbəblərinin müəyyənləşdirilməsi və uyğun dəstəyin göstərilməsi baxımından əhəmiyyətlidir.
Xüsusilə ümidsizlik hissi, özünə zərər vermə və ya intihar düşüncələri yaranırsa, vəziyyət daha ciddi qiymətləndirilməlidir. Belə hallarda təcili şəkildə peşəkar psixoloji və ya tibbi yardım alınmalıdır”, – deyə psixoloq fikrini tamamlayıb.
