Ərdoğan “hər ailədə 5 uşaq olsun” təklifini bu səbəbdən edib – Fikiri mənfiyə yozanlara TUTARLI CAVABbackend

Ərdoğan "hər ailədə 5 uşaq olsun" təklifini bu səbəbdən edib - Fikiri mənfiyə yozanlara TUTARLI CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın hər ailəsində 5 uşaq olsun” təklifi birmənalı qarşılanmayıb və bəzi qüvvələr tərəfindən lağ obyektinə çevrilib. Belə ki, bəzi insanlar, xüsusən də müxalif düşərgədə olanlar Azərbaycada uşaq pulu verilməməsi məsələsini gündəmə gətirərək, AKP liderinin öncə bu problemə diqqət çəkməli olduğuna işarə ediblər. Bəs görəsən, Ərdoğan “5 uşaq” fikirini hansı məqsədlə söyləyib? Türkiyə lideri bu çıxışı ilə hansı mesajlar vermək istəyib?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, hər bir dövlətin və cəmiyyətin qarşısında insanların rifahı məsələsi gündəmdə olur. Ona görə də, sözügedən məsələ bir az mübahisəli və təzadlıdır: “Biz müqayisə aparsaq şərqə nisbətən qərbdə təbii artım prosesinin tənnəzzülə uğradığını görə bilərik. Müsəlman ölkələrində isə bu artım nəzərə çarpır və dövlətin inkişaf tempinə işıq salır. Biz Azərbaycan və Ermənistanı bir tərəziyə qoysaq, düşmən ölkədə həyat tərzinin son dərəcə aşağı olduğunu, insanların ölkələrini tərk etdiyini, ailələrdə doğum məsələsinin problemə çevrildiyini görə bilərik. Çünki insanlar gələcəklə bağlı şübhəlidirlər, plan cıza bilmirlər və mövcud problemlər onları qorxudur. Ona görə də, Ermənistanda hətta cavan ailələr də bir uşaqdan artıq övlad dünyaya gətirmirlər. Azərbaycanda isə inkişaf meylləri uğurla davam etdirilir, digər tərəfdən son illər ərzində əhalimizin sayı artır. Ərdoğanın sözügedən məsələni gündəmə gətirməsi məhz bununla bağlıdır. Bacarığı və potensialı olan məmləkət hər zaman özünə güvənir və bu cür dövlətlərdə insanların sayının artması həyat tərzinin qənaətbəxş olmasına işarə edir. Yəni Azərbaycanda insanlar düşünmədən ailələrdə çoxuşaqlılığa üstünlük verirlər”.

Politoloqun sözlərinə görə, Azərbaycanda hər zaman çoxuşaqlılıq dəbdə olub: “Belə ailədə böyüyən uşaqlar sonradan daha fəal və həyat eşqi ilə yaşayan olublar, eqoistlikdən uzaq ömür sürüblər. Amma Avropada biz bütün bunların təsdiqini görmürük. Qərbdə ailə institutlarının çökdürülməsi prosesi həyata keçirilir. Bu prosesi idarə edən qüvvələr mövcuddur. Şərqdə isə bu cür yanaşma zərərli sayılır. Ona görə də, hesab edirəm ki, Ərdoğan əsl şərq məktəbinin yetişdirməsi və ailə institutuna bağlı bir şəxs kimi çox gözəl nümunə sərgiləyib. Ərdoğan Azərbaycanı özünə qardaş ölkə hesab etdiyindən bu cür tövsiyədə bulunub. Çünki əhalimizin sayının artması xalqın potensialının və qurucu qüvvələrinin çoxalması deməkdir. Digər tərəfdən, vətəndaşlar yetkin bir yaşa çatanda öz ölkələrini beynəlxal səviyyədə layiqincə təmsil edirlər. Yəni bu fikirlərdə lağ obyektinə çevriləcək heç bir motiv görmürəm. Əksinə şərq ölkələrində populyasiya və depopulyasiya məsələsi hər zaman mövcud olub. Populyasiya əhalinin sayının təbii yolla artımıdır. Depopulyasiya isə insanların bu prosesdən geri qalması və ölkəni tərk etməsi, özgə yerlərdə güzəran tapmasıdır. Odur ki, Ərdoğan Azərbaycan dövlətinin indiki obrazını, onun gələcək imkanlarını nəzərə alaraq hər ailədə 5 uşaq olması məsələsini təklif edib. Bununla həm ölkənin qüdrəti arta, həm də imkanları genişlənə bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*