“Ermənistanı Silahlı Qüvvələrini Qarabağdan çıxarmağa məcbur edən heç bir sənəd yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu noyabrın 1-də parlamentdə jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan yeganə Ermənistan lideridir ki, Qarabağ münaqişəsinin bərabərlik və öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməli olduğu qeyd olunmayan sənədləri imzalayır.
“Bütün Ermənistan liderləri aydın şəkildə bəyan ediblər ki, münaqişə üç fundamental prinsip əsasında həll olunmalıdır: Helsinki Yekun Aktı – xalqların bərabərliyi, öz müqəddəratını təyinetmə azadlığı, gücdən istifadədən imtina və ərazi bütövlüyü.
Beynəlxalq Ədalət Məhkəməsinin Kosovo ilə bağlı rəyində açıq şəkildə bəyan edilir ki, beynəlxalq hüquq heç vaxt birtərəfli müstəqillik elanını qadağan etmir.
Beynəlxalq hüquq ərazi bütövlüyünün iki qurulmuş “dövlət”in məsələsi olduğu istiqamətdə gedir. Yəni, Qarabağın birtərəfli qaydada müstəqilliyini elan edə bilməyəcəyi tezisi məhv edilib.
Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşə və birgə bəyanata gəlincə, bəyanat Paşinyanın növbəti dəfə Ermənistanın hüquqlarını beynəlxalq aləmdə təbliğ edə bilmədiyini göstərir.
Sülhməramlı missiyanın müddətinin uzadılması bizim maraqlarımıza uyğundur. Biz özümüz başa düşürük ki, sülhməramlı qüvvələr noyabrın 9-da Qarabağa daxil olmasaydı, noyabrın 10-da orada erməni qalmazdı. Və mən hakimiyyətin sülhməramlıların öz işlərini zəif yerinə yetirməsi ilə bağlı narazılığını başa düşə bilmirəm. Ermənistanı Silahlı Qüvvələrini Qarabağdan çıxarmağa məcbur edən heç bir sənəd yoxdur. Bu, Paşinyanın könüllü, tək qərarıdır. Bunun könüllü və ya təzyiq altında edildiyini bilmirəm, amma fakt budur ki, Paşinyan heç bir beynəlxalq sənəd imzalamadan Ermənistan Silahlı Qüvvələrini Qarabağdan çıxarıb”, – deyə Xaçatryan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
