Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMAbackend

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlər ki, hətta koronanın mutasiya olunan variantları ilə də qarışdırırlar. Bəs payız-qış aylarında qrip və digər respirator viruslardan qorunmaq üçün hansı tədbirlər daha effektivdir? Peyvəndlənmə kimlər üçün xüsusilə vacibdir, xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda nələrə diqqət yetirilməlidir və yoluxmanın qarşısını almaq üçün gündəlik həyatımızda hansı vərdişləri dəyişməliyik?


Mövzu ilə bağlı KONKRET.az-a danışan ürək-damar cərrahı Orxan Məmmədov bildirib ki, payız fəslinin gəlişi ilə kəskin respirator viruslar artmağa başlayır:

“Bundan qorunmaq üçün gigyenik qaydalara, düzgün qidalanmaya və yuxu rejiminə riayət etmək, qapalı sahələrdə çox qalmamaq və təmiz havada xeyli gəzmək lazımdır. Həmçinin mövsümi meyvələrdən daha çox istifadə edilməlidir. Üstəlik, xəstə insanlarla yaxın təması məhdudlaşdırmağı və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirəm. Eyni zamanda dövlət poliklinikalarında qripin vaksini vurulur. Mövsümi qripə qarşı peyvəndlənmə xüsusilə risk qruplarına daxil olan şəxslərin ağır xəstəlik və fəsadlardan qorunmasında mühüm rol oynayır. Eyni zamanda, özbaşına antibiotik qəbulunun virus infeksiyalarını müalicə etmədiyini nəzərə almaq, yüksək hərarət və ya ağırlaşma əlamətləri müşahidə olunduqda həkimə müraciət etmək vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, xüsusilə yaşlı şəxslər, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar, immun sistemi zəif şəxslər və tibb işçiləri peyvəndlənməyə xüsusi diqqət yetirməlidirlər. Uşaqlar üçün peyvəndin uyğunluğu və tətbiq qaydası yaşa və sağlamlıq vəziyyətinə əsasən müəyyənləşdirilir. Hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları və halsızlıq yarandıqda ilk növbədə istirahət etmək, kifayət qədər maye qəbul etmək və başqaları ilə təması azaltmaq məsləhətdir. Xəstəliyin əlamətlərinə baxaraq onun məhz qrip olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Oxşar simptomlar digər respirator viruslar zamanı da müşahidə edilə bilər.

Antibiotiklər viruslara qarşı təsir göstərmir və həkim göstərişi olmadan qəbul edilməməlidir. Qripə qarşı istifadə edilən antiviral preparatlar isə bəzi hallarda faydalı ola bilər. Onların xüsusilə risk qrupuna daxil olan şəxslərdə və ağırlaşma ehtimalı yüksək olduqda erkən başlanması vacibdir. Bu səbəbdən belə şəxslər xəstəlik əlamətləri yaranan kimi həkimə müraciət etməlidirlər. Əsas məsələ xəstəliyin əlamətlərini kiçik problem kimi qiymətləndirməmək, risk qruplarına xüsusi diqqət yetirmək və özbaşına müalicədən çəkinməkdir. Sadə profilaktik qaydalara əməl etmək həm fərdi sağlamlığın qorunmasına, həm də virusların cəmiyyətdə yayılmasının azalmasına kömək edə bilər”, – həkim vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*