Ermənilər KTMT-ni Azərbaycanla üz-üzə qoymaq istəyirlər.
KONKRET.az xəbər verir ki, Ermənistanda üç QHT – “Hayrenik Vahan” ehtiyatda olan ordu zabitləri birliyi, “Ehtiyatda olan ordu zabitləri” hərəkatı və “NSA-nın ehtiyatda olan ordu zabitləri birliyi” Ermənistan hakimiyyətinə müraciətlə bəyanat yayıb.
Onlar hakimiyyəti KTMT-nin Ermənistana təklif etdiyi yardımı qəbul etməyi tələb ediblər. QHT-lər Paşinyanın KTMT-yə müraciət etməyə borclu olduğunu bildiriblər, çünki hazırda başqa alternativ yoxdur.
“2022-ci ildə noyabrda Nikol Paşinyan “KTMT Kollektiv idarə edilməsinə və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni KTMT-nin Azərbaycanın hərəkətlərini “təcavüz” kimi tanımadığını əsas gətirərək imzalamaqdan imtina edib.
KTMT-nin iclasından sonra KTMT-nin baş katibi Stanislav Zas bildirib ki, Ermənistan-Azərbaycan sərhədinə nəzarət missiyasının göndərilməsi ilə bağlı tədbirlər kompleksi tam (6 bənd) və ya ayrıca qəbul edilə bilər.
Fevralda Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində KTMT monitorinq missiyasının yerləşdirilməsi tələbi masadadır və tərəflərin razılığı ilə 1-2 gün ərzində yerləşdirilə bilər.
2023-cü il martın 3-də Almaniya Bundestaqında Nikol Paşinyan “Qərbi Azərbaycan” layihəsinin Ermənistana qarşı genişmiqyaslı hücuma hazırlıq olduğunu və narahatlığını bildirib.
2021-2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələri onlarla hərbi bazaları, strateji yüksəklikləri, kommunikasiya və yolları ələ keçirə bilib.
Bir neçə gün əvvəl “Qərbi Azərbaycan icması” Nikol Paşinyana məktub göndərərək azərbaycanlıların qayıtması məsələsi ilə bağlı dialoqa başlamağa çağırıb.
Azərbaycanda Zəngəzur dəhlizini açmaq və yeni ərazilər əldə etmək üçün Ermənistana qarşı yeni hərbi hücuma zəmin hazırlanır.
Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü təmin edilmədiyi göz qabağındadaır. Belə bir şəraitdə hakimiyyət KTMT-nin Ermənistana təklif olunan yardımını qəbul etməlidir. O, xahişlə KTMT-yə üz tutmağa borcludur, çünki bu gün sadəcə olaraq başqa alternativ yoxdur.
Nikol Paşinyan “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədi imzalamaqdan imtina edərsə, bütün siyasi qüvvələrə müraciət etməyə ehtiyac olacaq. Nikol Paşinyan həmin sənədi imzalamağa məcbur edilməlidir.
Biz hakimiyyətdən Ermənistana təklif olunan yardım paketinin imzalanması xahişi ilə KTMT-yə müraciət etməyi tələb edirik”, – bəyanatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
