“Azərbaycan məktəblərində təhsilin dünyəvilik prinsipi dövlətin təhsil siyasətinin, məktəbdaxili idarəetmənin, tədris proqramlarının və müəllim-şagird münasibətlərinin əsas istiqamətlərindən biri kimi həyata keçirilməlidir. Bu prinsipin başlıca məqsədi şagirdlərə elmi biliklər vermək, onların sərbəst düşünmək qabiliyyətini inkişaf etdirmək, vicdan və inanc azadlığını qorumaq, müxtəlif dünyagörüşlərinə hörmət ruhunda tərbiyə etməkdir.
Dünyəvilik dinə qarşı münasibət kimi başa düşülməməlidir. Dünyəvilik dövlət məktəbində təhsilin hər hansı dini baxışın təbliğinə və ya məcburi qəbuluna deyil, elmi biliklərə, hüquqi prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanmasını nəzərdə tutur”.
Bu fikirləri Əbədi Turan Kitab Fondunun sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Filologiya elmləri doktoru Esmira Fuad səsləndirib:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, millilik və dünyəvilik təhsilin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını və dünyəvi təhsil sisteminin inkişafını nəzərdə tutur. Biologiya, fizika, tarix və digər fənlər təsdiqlənmiş təhsil proqramlarına, elmi faktlara və müvafiq fənnin metodologiyasına uyğun tədris edilməlidir. Elmi məlumatlar dini və ya ideoloji baxışlarla əvəzlənməməli, şagirdlərdə tənqidi təfəkkür formalaşdırılmalıdır. Dini inanclara münasibətdə neytrallıq prinsipi əsas gözlənməlidir.
Dövlət məktəblərində hər hansı dinin məcburi təbliğinə yol verilməməli, şagirdlər dini etiqadına, yaxud da ki, inancsızlığına görə fərqləndirilməməlidir. Dinlərin tarixinin və mədəniyyətə təsirinin öyrənilməsi isə elmi, müqayisəli və obyektiv yanaşma əsasında həyata keçirilə bilər”.
Filologiya elmləri doktoru vurğulayır ki, məktəbdə ayrı-seçkiliyin qarşısının alınması mütləqdir.
“Şagirdlərin dini baxışlarına, ailə ənənələrinə və dünyagörüşünə görə alçaldılması, təzyiqə məruz qalması və ya təhsildən kənarlaşdırılması yolverilməzdir. Məktəb hər bir şagird üçün bərabərhüquqlu və təhlükəsiz təhsil mühiti yaratmalıdır.
Milli-mənəvi dəyərlərlə dünyəviliyin uzlaşdırılması, əlaqələndirilməsi vacibdir.
Azərbaycan dili və ədəbiyyatına, tariximizə və mədəni irsimizə diqqət və sevgi aşılanmalı, ailəyə hörmət, humanizm, ədalət və vətənpərvərlik kimi dəyərlər təhsildə mütləq şəkildə qorunmalıdır. Bununla belə, milli-mənəvi dəyərlər hər hansı dini baxışın bütün şagirdlər üçün məcburi norma kimi təqdim edilməsinə əsas verməməlidir”.
Onun sözlərinə görə, müəllimlər bu məsələlərdə diqqətli olmalı, məsuliyyət hissini artırmalıdırlar.
“Müəllimlər dərs zamanı şəxsi dini və siyasi baxışlarını şagirdlərə məcburi qəbul etdirməməli, müxtəlif fikirləri obyektiv təqdim etməli və peşə etikası qaydalarına riayət etməlidirlər. Məktəb rəhbərliyi də bu prinsiplərin qorunmasına ciddi nəzarət etməlidir.
Məktəbli geyimi və dini simvollar məsələsinə hüquqi yanaşma da vacib məsələlərdəndir. Belə ki, vahid məktəbli geyimi ilə bağlı tələblər qanunvericiliyə uyğun, aydın və ardıcıl tətbiq edilməlidir. 21 sentyabr 2026-cı ildə “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklər dövlət ümumtəhsil müəssisələrində şagird və müəllimlərin geyim tələblərinə riayət etməsini nəzərdə tutur. Bu məsələlər tətbiq olunan hüquqi normalar və insan hüquqlarına hörmət çərçivəsində qiymətləndirilməlidir.
Azərbaycan məktəblərində dünyəvilik prinsipinin təmin edilməsi yalnız dini təbliğatın qarşısının alınması ilə məhdudlaşmamalıdır. Bu prinsip elmi təhsilin keyfiyyətində, müəllimin obyektivliyində, şagirdlərin hüquqlarının qorunmasında və məktəbdə bərabər münasibətin yaradılmasında öz əksini tapmalıdır.
Məktəb şagirdə nə düşünməli olduğunu diktə etməməli, ona elmi əsaslarla düşünməyi, araşdırmağı, seçim etməyi və başqalarının hüquqlarına hörmət göstərməyi öyrətməlidir. Dünyəvi təhsil həm elmi düşüncənin inkişafına, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət etməlidir. Əsas meyar da budur”.
Aynurə İsmayıl
KONKRET.az
