44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müharibənin qalibi olaraq Azərbaycan sülh təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın Ermənistana təqdim etdiyi şərtlər içərisində diqqət çəkən məqamlardan biri də vaxtilə ermənilər tərəfindən işğal edilən kəndlərimizlə bağlıdır. Lakin Ermənistan hər vəchlə bu prosesi yubatmağa çalışır. Bu günlərdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məsələni bir daha gündəmə gətirərək bildirib ki, Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. O qeyd edib ki, bu ərazilər Azərbaycan ərazisidir.
Maraqlıdır, bu kəndlər nə zaman Azərbaycana geri qaytarılacaq? Ermənistan bu məsələdə hər hansı bir problem yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Oqtay Qasımov cavablandırıb. O bildirib ki, kəndlərin nə zaman təhvil veriləcəyi indiki halda müəmmalıdır:
“Qazaxın yeddi kəndi Birinci Qarabağ münaqişəsi başladığı zaman ermənilər tərəfindən işğal olunub. Bu kəndlər Sovet dövründə də və müstəqillik illərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Həmin kəndlərin əhalisi bizim soydaşlarımız olub. Kəndlərin boşaldılması məsələsinə gəlincə isə, bu məsələ ilə bağlı 10 noyabr bəyanatında ayrıca bənd var. Lakin həmin kəndlərin nə zaman təhvil veriləcəyi indiki halda müəmmalıdır. Çünki bu məsələlər Ermənistanla Azərbaycan ərazisində delimitasiya və demarkasiya işləri çərçivəsində həyata keçiriləcək. 10 noyabr və 11 yanvar bəyanatlarında ayrıca bəndlər var. Şarl Mişelin təşəbbüsü ilə baş tutan liderlərin Brüssel görüşündə də bu məqamlar müzakirə edilib”.
Politoloq təəssüflə bildirib ki, Ermənistan prosesi uzatmaqla məşğuldur:
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan 6 apreldə baş tutan görüşdə aprel ayının sonuna qədər hər iki tərəfin sərhəd komissiyası yaradılması ilə bağlı razılığa gəldi. Azərbaycan tərəfi öz üzərinə düşən öhdəliyi yerinə yetirdi. Bu prosesi aparacaq komissiyanın tərkibi müəyyənləşdirildi və Avropa İttifaqının rəhbərliyinə təqdim edildi. Təəssüf ki, Ermənistan prosesi uzatmaqla məşğuldur. Bu istiqamətdə fəaliyyət göstərəcək komissiyaları müəyyən edilməyib. Lakin bu ərazilər Azərbaycan torpaqlarıdır. Gec ya tez həmin kəndlər Azərbaycanın tərkibinə qayıtmalıdır. Ermənistan bu məsələdən qaça bilməz. Bununla yanaşı Naxçıvan Kərki kəndi də Azərbaycana geri qaytarılacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az