“Ermənistanın günahı odur ki, həmişə Azərbaycanla ciddi danışıqlardan qaçıb”backend

"Ermənistanın günahı odur ki, həmişə Azərbaycanla ciddi danışıqlardan qaçıb"

Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh gündəliyi dünya siyasətçilərinin diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, bu dəfə almaniyalı politoloq Dünya Trendləri İnstitutunun baş elmi işçisi Aleksandr Rahr məsələyə münasibət bildirib.

– 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı proqnozunuz necədir?

– Dünya ictimaiyyəti ümid edir ki, yeni 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. BMT, Aİ, ABŞ, Rusiya və hətta son nəticədə Çin Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına kömək etmək üçün hər şeyi edəcək. Niyə? Çünki bir çox ölkələr münaqişələrin böyük müharibəyə çevrilə biləcəyindən qorxurlar ki, bu da dünya nizamını tamamilə pozacaq, ticarət-iqtisadi əlaqələri məhv edəcək. Heç kim belə bir ssenari istəmir. Hətta Rusiya indi Cənubi Qafqazda ondan əlavə resurslar tələb edə biləcək münaqişədə maraqlı deyil. Ukrayna və Yaxın Şərqdəki müharibələr bir növ alovlanan hərbi münaqişələr zənciri yaradır və Cənubi Qafqaz da onların tən ortasındadır.

– 2024-cü ildə Ermənistan – Rusiya münasibətləri necə inkişaf edəcək?

– Ermənistanın Rusiya ilə birlik formatından tamamilə çıxacağına şübhə edirəm. Coğrafi baxımdan Ermənistanın Moskva ilə mehriban qonşuluq əlaqələrini saxlamaqdan başqa yolu yoxdur. Məsələn, onun Türkiyə ilə münasibətləri ciddi və daimi şəkildə pozulub, cənubda yerləşən və Ermənistanla həmsərhəd olan İran faktiki olaraq dünya birliyinin sanksiyaları altındadır.  Azərbaycanla da hər şey aydın deyil, hətta münasibətlər yaxşılaşmağa başlasa belə, bu proses uzun və çətin olacaq. Avropa Birliyi Ermənistanı Rusiya orbitindən çıxarmağa cəhd edir. Amma bunun üçün Ermənistanı Türkiyə ilə barışdırmaq lazım gələcək və bu da Brüsselin gücündən kənardadır. Aİ İrəvana çox şey vəd etsə də, sonda Ermənistan iki od arasında qalacaq.

– Berlindən Rusiya – Ukrayna müharibəsi necə görünür?

– 2024-cü ilin əvvəlinə Almaniyada Ukrayna müharibəsi ilə bağlı heç nə dəyişməyib. Burada Ukraynanın sonda, bəlkə də bu il Rusiyaya qalib gələcəyinə inanırlar. Almaniya sadəcə olaraq iki səbəbə görə Ukraynanın məğlubiyyətini qəbul edə bilməz. Birincisi, alman silahlarının müasir müharibə reallıqlarına uyğun gəlmədiyini etiraf etməli olacaq. Özünə güvənən Almaniya bunu etiraf edə bilməz.

İkincisi, Ukraynanın məğlubiyyəti, hətta iki yerə bölünməsi NATO-nun özünün məğlubiyyəti demək olacaq. Son 50 ildə Rusiya üçün bir növ hüquqşünas rolunu oynayan Almaniya indi müasir Rusiyanı yeni düşmən kimi görən Polşa, ABŞ və Baltikyanı ölkələrin tərəfindədir. Bu gün Rusiya Almaniyada keçmiş sərhədlərini bərpa etmək istəyən imperiya dövləti kimi qəbul edilir. Almaniyanın nöqteyi-nəzərindən Qərb buna icazə verə bilməz və verməməlidir.

– Fransanın, ümumilikdə Qərbin Azərbaycana qarşı destruktiv siyasətini necə izah etmək olar?

– Fikrimcə, hazırda vəziyyət Azərbaycan üçün bir az yaxşılığa doğru dəyişib. Qərbdə Ermənistanı günahlandırırlar ki, son 30 ildə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması cəhdlərini qəbul etməyib və ciddi danışıqlardan qaçıb. Bu kontekstdə demək olar ki, bir çox Aİ dövlətləri Azərbaycanın hərəkətlərinin legitimliyini tanıyıb, baxmayaraq ki, bəzi Qərb ölkələrində erməni diasporu hələ çox güclüdür. Məsələn, Fransada, Parisdəki erməni diasporunun çox böyük təsiri var. Digər Avropa paytaxtlarında olduğu kimi, Almaniyada da erməni diasporunun əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azdır. Ona görə də elitasının, o cümlədən, Parisdəki erməni diasporunun dəstəyinə ehtiyacı olan Makron Ermənistanın maraqlarını müdafiə etmək məcburiyyətindədir. Fransa çalışır ki, Qafqazda diplomatik strategiyasını qursun. Həmçinin, Makronun Mərkəzi Asiyada öz diplomatiyasını həyata keçirmək cəhdləri uğursuzluğa məhkumdur. Bildiyimə görə, Avropa İttifaqında bunun üçün sadəcə mandatı yoxdur. Ona görə də o, bu məsələlərdə Aİ-dən dəstək almayacaq.

– ABŞ-nin Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulduğu iddia edilən ölkələr siyahısına salmasını necə izah edirsiniz? Vaşinqtonun Bakıya növbəti absurd hücumu nəylə bağlıdır?

– Unutmaq olmaz ki, hazırda ABŞ-də hakimiyyətdə olan demokratların populist xətti var. Buna görə də Amerika administrasiyası insan haqlarının, azlıqların və ya qadınların hüquqlarının pozulduğuna inanırsa, bütün dünya böhranlarına müdaxilə edir. ABŞ-də belə qəbul edilir ki, bu yolla onlar Yer üzündə universal humanizm sisteminin yaradılmasına töhfə verməlidirlər. Təbii ki, Amerika bu cür sadə yanaşmaya görə nəinki dəstəklənmir, hətta bəzi ölkələrə sadəcə olaraq nifrət edilir. Məncə, belə bir geosiyasi yanaşma uğurlu olmayacaq.

– TASS-ın məlumatına görə, Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Bu və bəzi digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. Bunda hansı məqsədləri güdür?

– Almaniya gizlətmir ki, o, postsovet məkanı ölkələrini Rusiya ilə müttəfiqlik münasibətlərindən əl çəkməyə məcbur etmək istəyir. Sual olunur ki, Almaniya və Avropa İttifaqı Rusiya ilə yaxın münasibətlər müqabilində Qafqaz və Mərkəzi Asiyadakı postsovet məkanı ölkələrinə, o cümlədən, Moldovaya ciddi şəkildə nə təklif edə bilər? Ukrayna və Moldovanın Aİ-yə qəbulu vəd edilir, lakin bu proses Türkiyədə olduğu kimi, bir neçə nəsil davam edə bilər. Maraqlıdır, Ermənistan Rusiya ilə münasibətləri kəsərsə, nəyə ümid edə bilər? Ermənistanın Aİ və ya NATO-ya üzvlük perspektivi yoxdur. Üstəlik, İrəvan Brüsselin maliyyə resurslarının tükəndiyini yaxşı bilir. Aİ Brüsselin praktikada nümayiş etdirdiyi iddialı xarici siyasətin atributlarını həyata keçirə bilmir. Ona görə də gələcəyini Qərblə bağlamaq istəyən Ermənistana və keçmiş SSRİ-nin digər respublikalarına gəlincə, biz onların daimi manevrlərini, bir növ çoxvektorlu siyasətini müşahidə edəcəyik. Ermənistan hərbi ittifaqlardan çıxmadan ya Rusiya ilə uzaqlaşacaq, ya da yaxınlaşacaq. Eyni zamanda, Aİ ilə yaxınlaşmaq üçün manevr edəcək. Ümid edirəm ki, bu siyasət uzaq gələcəkdə müəyyən nəticələr verə bilər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*