Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanın “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskası İstanbul təmsilçisinin sükanı arxasına gətirmək üçün danışıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “TuttoMercatoWeb” nəşri məlumat yayıb.
Nəşrin jurnalisti Alessio Alaimonun məlumatına görə, İstanbul klubu 49 yaşlı litvalı mütəxəssislə intensiv danışıqlar aparır. Tərəflər arasında 2029-cu ilə qədər qüvvədə olacaq üçillik müqavilənin bağlanması müzakirə olunur.
Məlumata əsasən, danışıqlar artıq irəliləmiş mərhələdədir və yaxın vaxtlarda yekun razılaşmanın əldə olunması mümkündür.
“Fənərbaxça”nın yeni baş məşqçi axtarışına başlamasına İsmayıl Kartalın istefası səbəb olub. Türkiyəli mütəxəssis vəzifəyə təyin edilməsindən cəmi dörd ay sonra komandadan ayrılıb. Onun rəhbərliyi altında İstanbul təmsilçisi 18 oyun keçirib və hər matçda orta hesabla 1,78 xal toplayıb.
Hazırda “Fənərbaxça”nın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq niderlandlı Dirk Kuyt yerinə yetirir. Dambrauskasla razılıq əldə olunmayacağı təqdirdə Kuyt əsas alternativ namizəd hesab edilir.
Valdas Dambrauskas 2025-ci ilin iyununda “Sabah”ın baş məşqçisi təyin olunub. Azərbaycan klubu onunla 2028-ci ilin yayına qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb.
Litvalı mütəxəssisin rəhbərliyi altında “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq tarixində ilk dəfə bu turnirdə iştirak etmək hüququ əldə edib.
Dambrauskas məşqçilik karyerası ərzində Litvanın “Jalqiris”, Latviyanın RFS, Xorvatiyanın “Hayduk”, Bolqarıstanın “Ludoqorets”, Yunanıstanın OFİ və digər klublarında çalışıb.
