Mossadın intiqam əməliyyatı: Yəhudilərin qatili Braziliyada necə tapıldı?backend

Mossadın intiqam əməliyyatı: Yəhudilərin qatili Braziliyada necə tapıldı?

İki tapança gəzdirir, Mossaddan qorxur və heç kimə etibar etmirdi. Amma yenə də tora düşdü…

1964-cü il. Braziliya. Keçmiş nasist cəlladı Herbert Cukursun (Herberts Cukurs) yanına imkanlı bir avstriyalı iş adamı gəlir. O, birlikdə biznes qurmağı təklif edir.

Cukurs ehtiyatlı davranır. Adolf Eyxmanın İsrail kəşfiyyatı tərəfindən qaçırılmasından sonra başa düşür ki, növbəti hədəf o ola bilər. Evi tikanlı məftillərlə möhkəmləndirilmiş hündür hasarla əhatə olunub, əraziyə itlər nəzarət edir. Özü isə daim silahlı gəzir.

Onun belə ehtiyatlı davranması üçün ciddi səbəbləri vardı.

Müharibədən əvvəl Cukurs Latviyanın tanınmış aviatorlarından biri idi. Lakin nasist işğalı dövründə Arajs cəza dəstəsinə qoşuldu. Bu dəstə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak edirdi. Şahidlər onu qətllərdə şəxsən iştirak etməkdə ittiham edirdilər.

Həmin dövrdə ona «Riqa qəssabı» ləqəbi verilmişdi.

Müharibədən sonra Braziliyaya qaçan Cukurs hətta adını da dəyişməmişdi. Turistlər üçün hava gəzintiləri təşkil edir, ailəsi ilə birlikdə yaşayır və uzun illər məhkəmə məsuliyyətindən yayınmağı bacarırdı.

İndi isə qarşısında Anton Küntsle adlı yeni tanışı dayanmışdı. Özünü avstriyalı iş adamı kimi təqdim edən bu şəxs onun biznesinə sərmayə qoymağa hazır olduğunu bildirirdi.

Amma əslində o, Mossadın agenti, Adolf Eyxmanın ələ keçirilməsi əməliyyatında iştirak etmiş Yaakov Meydad idi. Onun öz valideynləri də nasist düşərgələrində həlak olmuşdular.

Meydad Braziliyada əməliyyatı təkbaşına həyata keçirirdi. Arxasında əməliyyat qrupu yox idi, ehtiyat planına da güvənə bilməzdi.

Bir dəfə Cukurs yeni tanışını şəhərdən kənardakı fermaya dəvət etdi. Orada silahını çıxararaq atıcılıq üzrə yarışmağı təklif etdi.

Meydad bunun bir sınaq olduğunu dərhal anladı. Təklifi qəbul etdi və hədəfə ev sahibindən dəqiq atəş açdı.

Başqa bir dəfə Cukurs onu gizlicə kinokameraya çəkməyə çalışdı. Agent bunu hiss etdi və böyük qalmaqal yaratdı. Bildirdi ki, ona etibar etməyən bir insanla necə ortaq biznes qurmaq olar?

Cukurs geri çəkilməli oldu.

Meydad aylarla bu oyunu davam etdirdi. Birlikdə uçuşlar, görüşlər, ailəvi naharlar, investisiya planları barədə söhbətlər… Nəhayət, agent ona turist biznesini Uruqvayda genişləndirməyi təklif etdi.

Cukurs razılaşdı. Lakin yola düşməzdən əvvəl başına hər hansı hadisə gələrsə, yeni tərəfdaşının kimliyini müəyyənləşdirmək mümkün olsun deyə, onun şəklini həyat yoldaşına verdi.

23 fevral 1965-ci il. İki kişi Montevideonun yaxınlığında yerləşən bir evə gəldi. Meydad bu binanı gələcək ofis kimi təqdim etmişdi.

Lakin qapının arxasında onları Mossadın digər əməkdaşları gözləyirdi.

Əməliyyat planına əsasən, Cukurs tutulmalı, Latviyada qətlə yetirilmiş yəhudilərin adından ona qarşı irəli sürülən ittihamlar oxunmalı və daha sonra edam edilməli idi.

Ancaq hadisələr planlaşdırıldığı kimi getmədi.

65 yaşlı Cukurs müqavimət göstərərək agentlərlə döyüşə girdi, silahına əl atmağa çalışdı. Şiddətli əlbəyaxa mübarizə başladı. Nəticədə o, güllələndi.

Cəsədi böyük bir yeşiyə qoyuldu. Yanına isə onun törətdiyi cinayətləri əks etdirən sənəd yerləşdirildi. Sənədin altında qısa bir imza vardı: “Heç vaxt unutmayanlar”.

Bir neçə gün sonra hadisə dünya mətbuatına çıxanda bunun Mossadın ən qeyri-adi əməliyyatlarından biri olduğu üzə çıxdı. Cukursun öldürülməsi İsrail kəşfiyyatının nasist hərbi cinayətkarına qarşı həyata keçirdiyi və bu günədək dəqiq məlum olan yeganə məqsədli sui-qəsd hesab edilir.

Cukurs iyirmi il ərzində məhkəmə məsuliyyətindən yayınmağı bacarmışdı. Ancaq öz keçmişindən qaça bilmədi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*