Fransada Çin və Rusiyadan qeyri-qanuni texnologiya transferi ilə bağlı aparılan istintaq çərçivəsində yerli yarımkeçiricilər istehsal edən “Ommic” şirkətinin 9 rəhbəri saxlanılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət mikrodalğalı monolit inteqral sxemlər istehsal edir. Şirkətin məhsulları hərbi və kosmik sistemlərdə də istifadə olunur.
Qeyd olunub ki, Fransa kəşfiyyatı “Ommic”in Çinlə əlaqələrini çoxdan izləyib, lakin şirkət rəhbərlərinin saxlanılması və dindirilməsi barədə qərar yalnız 2023-cü ilin martında verilib.
Məlumata görə, martın 24-də iki Fransa və iki Çin vətəndaşına qarşı ittiham irəli sürülüb.
Fransa kəşfiyyat xidmətləri təkcə Çinə deyil, həm də Rusiyaya ikili təyinatlı texnologiyaların tədarükünü müəyyən edib. Bəzi hallarda onların birbaşa ÇXR-ə deyil, Litva və Belçika vasitəsilə həyata keçirildiyi iddia edilir.
Qeyd edək ki, saxlanılanlar arasında şirkətin 74 yaşlı keçmiş baş direktoru Mark R.Emuda var. Məlumata görə, onları 15 ilə qədər həbs gözləyir.
İqbal Rzayev,
KONKRET.az
