Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Vladimir Putinə Ukraynanın işğal olunmuş ərazilərinin bəzi hissələrindən geri çəkilməyin zəruriliyi ilə bağlı son dərəcə ciddi məruzə hazırladığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ruslan Şevçenko bildirib.
Onun sözlərinə görə, hərbi dairələrdəki mənbələrin məlumatına görə, mövcud qüvvələrlə indiki cəbhə xəttini qoruyub saxlamaq getdikcə çətinləşir. İnsan itkiləri orduya yeni müqaviləli hərbçilərin cəlb olunma sürətini üstələyir, hazırlıqlı ehtiyat qüvvələri isə demək olar ki, tükənmək üzrədir.
Siyasi analitik bildirir ki, məruzədə Rusiya ordusunun real döyüş qabiliyyəti ilə Baş Qərargahın rəsmi hesabatları arasındakı ciddi fərqin də əks olunacağı bildirilir. Sənədlərdə alaylar hələ də tam komplektləşdirilmiş göstərilsə də, faktiki vəziyyətin bundan xeyli fərqli olduğu iddia edilir. Belə ki, bəzi batalyonların ardıcıl hücum əməliyyatlarından sonra şəxsi heyəti gücləndirilmiş rota səviyyəsinədək azalıb.
Ekspert daha sonra deyir:
“Yeni cəlb olunan hərbçilər cəbhənin ən təhlükəli istiqamətlərindəki boşluqları doldurmaq üçün istifadə edilir. Nəticədə yorulmuş və ciddi itkilər vermiş bölmələrin arxa mövqelərə çıxarılaraq bərpa olunmasına imkan qalmır. Bu isə ordunun ümumi döyüş qabiliyyətini daha da zəiflədir.
Baş Qərargahın təklif etdiyi variantlardan biri cəbhə xəttindəki bir neçə həssas çıxıntının əvvəlcədən tərk edilməsi və qoşunların daha qısa, müdafiəsi asan olan mövqelərə çəkilməsidir. Belə bir addım şəxsi heyətə qənaət etməyə, təchizat marşrutlarını qısaltmağa və Ukrayna ordusunun mümkün yarılma cəhdlərinə qarşı əlavə ehtiyat qüvvələri formalaşdırmağa imkan verə bilər.
Hərbi rəhbərliyin mövqeyinə görə, geri çəkilmə zərurəti yaranarsa, bu, düşmən hücuma keçib geri çəkilmənin istiqamətini müəyyənləşdirməmişdən əvvəl, planlı və təşkil olunmuş şəkildə həyata keçirilməlidir. Əks halda, nəzarətli hərbi manevr nizamsız geri çəkilməyə çevrilə bilər.
Lakin bu təklifin qarşısında ciddi siyasi maneə dayanır. Vladimir Putin Rusiyanın öz ərazisi elan etdiyi bölgələrin hər hansı hissəsinin tərk edilməsinə qarşıdır. Belə bir qərar Kremlin cəbhədə davamlı irəliləyiş barədə yaratdığı siyasi mənzərəni poza və hakimiyyəti ictimaiyyət qarşısında çətin vəziyyətə sala bilər.
Bir neçə ildir davam edən müharibədən sonra ərazilərdən geri çəkilmək qərarının izah edilməsi Kreml üçün ciddi siyasi problemə çevrilə bilər. Baş Qərargahın alternativ kimi nəzərdən keçirdiyi variant isə yeni səfərbərlik elan etmək və cəbhəyə əlavə olaraq bir neçə yüz min nəfər göndərməkdir. Lakin bu addım da həm iqtisadi, həm sosial, həm də hərbi baxımdan ağır nəticələr doğura bilər.
Beləliklə, Kremli iki çətin seçim arasında qalmaq təhlükəsi gözləyir: ya siyasi baxımdan ağrılı geri çəkilmə qərarı vermək, ya da yeni insan resurslarını müharibəyə cəlb edərək mövcud cəbhə xəttini qorumağa çalışmaq”.
Natiq Səlim,
KONKRET.az
