Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən “Yol xəritəsi” imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bununla paralel, Azərbaycan və Özbəkistan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əsasında qarşılıqlı səfərlərinin təşkili məsələsi də gündəmdədir. Bu təşəbbüsün reallaşması və vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər. “Yol xəritəsi”nin imzalanmasının vəsiqə ilə gediş-gəliş, eləcə də vizasız qalmaq və işləmək kimi məsələlərin həllinə kömək edib-etməyəcəyi maraq doğurur.
KONKRET.az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan – Özbəkistan Parlamentlərararası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycan və Özbəkistan parlamentləri arasında imzalanmış “Yol xəritəsi” iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə, o cümlədən parlamentlər səviyyəsində müttəfiqlik xarakteri daşıdığını göstərir:
“Ölkələrimiz arasında parlamentlərarası Forum təsis olunub ki, onun da birinci toplantısı bu il Özbəkistanın Xivə şəhərində keçirilib. Müxtəlif təsisatlar formasında şəbəkələnmiş əlaqələr qarşılıqlı münasibətlərin müttəfiqlik məzmununu zənginləşdirmək məqsədi daşıyır. Parlamentlər arasında müzakirə olunan bütün məsələlər hökümətlər arasında əməkdaşlıq münasibətlərini istiqamətləndirmək və xalqlarımızın birgə maraqlarına uyğun fəaliyyətləri dəstəkləməkdən ibarətdir”.
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət ölkələr arasında insanların sərbəst hərəkətini və maneəsiz mal – əmtəə dövriyyəsini təmin etməklə vahid iqtsadi – mədəni məkanın formalaşmasına xidmət edir:
“Bu öz-özlüyündə çox geniş və uzun zaman tələb edən bir transformasiyadır. Buna nail olmaq üçün ilk növbədə xalqlar arasında mədəni – humanitar əlaqələrin tam sərbəstləşdirilməsinə və eyni zamanda iqtisadi – ticari əlaqələrin maksimum dərəcədə liberallaşdırılmasına ehtiyac var. Azərbaycan və Özbəkistan arasındakı mövcud əlaqələrin məhz bu prinsiplər əsasında inkişaf etdirilməsi hər iki xalqın arzuladığı gələcək birgəyaşayış mühitinin formalaşdırılmasına yönəlib. Qarşılıqlı rəsmi səfərlər, müzakirə olunan əməkdaşlıq formatları, hər iki ölkənin hökümətləri tərəfindən icraya yönəldilən təşəbbüslər onu göstərir ki, dövlətlərimiz xalqdan gələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməli addımlar atılır”.
C.Feyziyev vurğulayıb ki, vizasız gediş – gəliş, istənilən müddət ərzində ölkə ərazisində qalmaq və işləmək icazələrinin sadələşdirilməsi ölkələr arasında müttəfiqlik münasibətlərinin ruhundan irəli gəlir.
“Ona görə də heç şübhə etmirəm ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq”, – deyə deputat vurğulayıb.
