Görkəmli dilçi-alim Afad Qurbanovun anadan olmasının 93 illiyidirbackend

Görkəmli dilçi-alim Afad Qurbanovun anadan olmasının 93 illiyidir

Bu gün Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 93 illiyidir.

KONKRET.az xəbər verir ki, Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olub.

O, pedaqoji fəaliyyətə orta kənd məktəbində Azərbaycan dili müəllimi və direktor kimi başlayıb.

Aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavininə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoyub, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaradıb.

O, tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırıb və onların tədrisində bir sistem yaratmağa nail olub.

1970-1980-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.

1990-ci ildə Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri və müasir Azərbaycan Əlifbasının müəllifi kimi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olub. Afad Qurbanovun çoxsaylı monoqrafiya və dərslikləri dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Onun müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*