İsveçrə və Özbəkistan arasında Özbəkistanın birinci prezidenti İslam Kərimovun ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmiş böyük qızı Gülnarə Kərimovanın müsadirə olunmuş aktivlərindən daha 252.5 milyon dolların Daşkəndə qaytarılması barədə saziş imzalanıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vəsait BMT-nin iştirakı ilə yaradılmış “İşonç-2030” (“Etimad-2030”) trast fondunun hesablarına köçürüləcək və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcək.
Qeyd edək ki, “İşonç-2030” trast fondu Gülnarə Kərimovanın 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən müsadirə edilmiş aktivlərinin restitusiya çərçivəsində Özbəkistana qaytarılan hissəsinin idarə olunması məqsədilə yaradılıb.
2022-ci ildə Özbəkistan və İsveçrə arasında ilk, 2025-ci ildə isə ikinci saziş imzalanıb. Bu razılaşmalar çərçivəsində Kərimova ilə bağlı cinayət işi üzrə İsveçrədə müsadirə edilmiş müvafiq olaraq təxminən 131 milyon və 182 milyon dollar trast fondu vasitəsilə Özbəkistana qaytarılıb.
Gülnarə Kərimovanın Fransa, ABŞ, Latviya və digər ölkələrdəki aktivlər də daxil olmaqla, əmlakının ümumi dəyəri təxminən 1.4 milyard dollar qiymətləndirilir.
