Ali Məhkəmədə Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən Turab Vəliyevin barəsindəki qərardan dövlət verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman Turab Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılsa da, cinayətin üstü açılmayıb, qatil tapılmayıb.
Turab Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb.
Araşdırmalar zamanı Turab Vəliyevin 2010-cu ildə həmyerlisi Məhərrəm Həsənovu qətlə yetirdiyi məlum olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
