Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Nizami Rayon Məhkəməsinin qərarı ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Xəlil Tağızadənin cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 faiz məbləğində pulun dövlət nəfinə tutulmağa başlandığı andan hesablanması qərara alınıb.
İttihama görə, hadisə bu il saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin dəhlizində baş verib.
Belə ki, Xəlil Tağızadə həmin vaxt qəbul etdiyi spirtli içkinin təsirindən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub. O, qonşusu Rəfi Yusifovun (adı, soyadı şərtidir) kirayə yaşadığı mənzilin qapısını bərk döydüyü üçün sonuncuya irad bildirib və qapını daha yavaş döyməsini tələb edib. Rəfi Yusifov buna cavab olaraq “əcəb edirəm” ifadəsini işlədib. Daha sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı Xəlil Tağızadə qəsdən yumruqla qonşusunun dodaq nahiyəsinə zərbə vurub. Nəticədə Rəfi Yusifovun alt dodağının selikli qişasının səthində əzilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Xəlil Tağızadənin hərəkətləri Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Xəlil Tağızadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Məhkəmə həmçinin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verib.
Qərardan ittiham tərəfindən apellyasiya protesti verilib. Protestdə Nizami Rayon Məhkəməsinin xitam qərarının ləğv edilməsi və Xəlil Tağızadənin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılması xahiş olunub.
