“Hakimiyyət sərhəddə elan etdiyi yeni gərginliyə hazırlaşır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan deyib:
“General Qriqori Xaçaturovu həbs etməkdə bu hökumətin bir neçə məqsədi var. Lakin mən hesab edirəm ki, birincisi hərbçi ailələrinin reputasiyasına xələl gətirməkdir. Orduda yazılan və yazılmayan qanunlar var. Xaçaturov hazırda təqaüddə olsa da, o, hərbçilərə məxsus institusional yaddaşın daşıyıcısıdır. Xaçaturovun vurduğu zərbələrin birbaşa Silahlı Qüvvələrə, xidmət edən zabitlərə qarşı yönəldiyini desəm, yəqin ki, mübaliğə olmaz. Çünki Xaçaturov və onun kimilər vətənə xidmət missiyasını hələ də başa vurmayıblar. İkincisi, istər orduda, istərsə də ondan kənarda olan hərbçilər bilir ki, Qriqorinin başına gələnlər onları da gözləyə bilər. Hesab edirəm ki, hökumət ölkənin bacarıqlı adamlarını təcrid etməklə sərhəddə elan etdiyi yeni gərginliyə hazırlaşır”, – deyə Abramyan fikirlərini tamamlayıb.
Bu arada Ermənistanın “Joxovurd” qəzeti İrəvan meri Hraçya Sarkisyanın istefasına diqqət çəkib və onun kifayət qədər həyəcanlı olduğunu, sözləri düzgün tələffüz edə bilmədiyini vurğulayıb. Qəzet bu istefadan sonra hakim “Mülki müqavilə” partiyasının iki yolu olduğunu yazıb:
“Hraçya Sarkisyanın bu qərarı həm Nikol Paşinyan, həm də bütün “Mülki Müqavilə” üçün sürpriz olub. Öyrəndik ki, keçmiş mer bir neçə dəfə getmək niyyəti ilə bağlı eyham vursa da, son qərarı barədə komanda üzvlərinə heç nə deməyib. Beləliklə, Hraçya Sarkisyanın istefasından sonra “Mülki müqavilə”nin iki yolu var – ya növbədənkənar seçkilərə getmək, ya da növbəti seçkilərə qədər Ağsaqqallar Şurasından kimisə seçmək”, – deyə qəzet yazıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az