Bir neçə gündür hava şəraitində kəskin dəyişikliklər müşahidə olunur. Gündüzlər isti, gecələr isə sərin keçir, bir gün isti, digər gün soyuq hava müşahidə edilir.
Bəs bu cür hava dəyişiklikləri sağlamlığa necə təsir edir? Keçid dövründə xəstələnməmək üçün hansı qabaqlayıcı tədbirləri görmək lazımdır?
KONKRET.az Terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, hava şəraitini nəzərə alsaq, artıq payız ayıdır:
“Bütün regionlardan, xüsusilə şimal regionundan bizə soyuq və yağışlı hava kütlələri daxil olmağa başlayıb. Bu da istər-istəməz havanın temperaturunun enməsinə səbəb olub. Kəskin enmələr oldu, bir günün içində hava dəyişdi. Artıq iki gündür ki, bu hava şəraitini hiss edirik, xüsusilə də gecələr daha çox sərin olur. Təbii ki, necə deyərlər, payızın vaxtından əvvəl qapı döyməsi prosesi gedir. Ona görə də geyimlərdə müəyyən payız geyimlərinə fikir vermək lazımdır. Yəni artıq yay fəslinə uyğun paltarlardan tədricən imtina etmək, payız geyimlərinə üstünlük vermək lazımdır”.
Onun sözlərinə görə, xəstələnməmək üçün isə qabaqlayıcı tədbirlər görmək və həyat tərzinə fikir vermək lazımdır:
“Aktiv həyat tərzi keçirmək, idman hərəkətləri etmək, payız meyvələrindən istifadə etmək vacibdir. Ona görə də qabaqlayıcı tədbirlər, dediyim kimi, əsasən aktiv həyat tərzi, idman hərəkətləri və payız meyvələrindən istifadə etməkdən ibarətdir. Eyni zamanda, 5-6 yaşa qədər uşaqları da vaxtında peyvənd etmək vacibdir”.
