“Paşinyan mənim məktubumu məxfilikdən çıxarıb dərc etsin, əks halda o, yalançıdır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti olmuş Serj Sarkisyan fikir səsləndirib. O, Paşinyan hakimiyyətinin özünü dəli kimi göstərdiyini, Ermənistan-Rusiya münasibətlərini korladğını bildirib: “Paşinyan Ermənistanın protokolla bağlı qanunlarını kobud şəkildə pozaraq ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yaradıb, konstruktiv tərəfdaşı (Azərbayca nəzərdə tutulur -red) ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Həmçinin KTMT-nin baş katibi Xaçaturova qarşı əsassız ittihamlar səsləndirib”, – Sarkisyan vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan 2011-2012-ci illərdə Rusiyanın ilk dəfə Azərbaycanla milyardlarla dollar dəyəri olan silah müqaviləsi imzaladığını, eyni zamanda Ermənistana silah tədarükünü ciddi şəkildə məhdudlaşdırdığını bildirib. Paşinyan əmin edib ki, bu barədə Serj Sarkisyanın məxfi məktubundan məlumat əldə edib.
Sarkisyan isə Paşinyanın iddialarını belə cavablandırıb: “Şərh vermək çətindir, çünki Ermənistan rəhbəri parlamentin tribunasından mənim imzaladığım məxfi məktubla bağlı danışmağa çalışır. Başqa nə deyə bilərəm? Mən heç vaxt heç bir erməninin utanacağı hansısa sənədə imza atmamışam. Əksinə, bütün sənədlər açıqlansa, insanlar Ermənistan dövlətinin maraqlarının necə qorunduğunu görəcəklər. Hec bir problem yoxdur, qoy paşinyan danışdığı həmin məxfi məktubu dərc etsin. Onun belə hüququ var, məxfilikdən çıxarıb ictimailəşdirə bilər. Əgər Paşinyan bunu ictimailəşdirməsə, deməli, yalançıdır”, – Serj Sarkisyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
