Həmkarları Ağadadaş Ağayev haqda ELƏ SÖZLƏR DEDİLƏR Kİ…backend

Həmkarları Ağadadaş Ağayev haqda ELƏ SÖZLƏR DEDİLƏR Kİ...

Artıq bir həftədir ki, cəmiyyətdə Xalq artisti Ağadadaş Ağayevin “balta insidenti” müzakirə olunmaqdadır. Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq davam etdirilir. 

Cəmiyyət bu məsələdə iki hissəyə bölünüb. Bir qisim bu hadisədə ilk “daş atan” Ağadadaş Ağayevin, digər qisim isə mühafizəçinin müqəssir olduğunu deyir.

KONKRET.az xəbər verir ki,hadisəyə tanınmış ictimaiyyət nümayəndələrindən də reaksiya gəlib. VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa birmənalı olaraq gözətçini müdafiə edib.

“Mühafizəçinin atası-anası yoxdur? O, Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda, xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik, baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?” – F.Mustafa bildirib.

Tanınmış şair Şəmsi Vəfadar da xalq artistini sərt şəkildə tənqid edib.

“Ağadadaş Ağayev xalqın artisti olsaydı, xalqa balta qaldırmazdı. Ən azından etdiyi hərəkətə görə xalqdan üzr istəyərdi. Baxın, Ağadadaşı müdafiə edənlər Manaf kimilərdir. Çünki Ağadadaş Ağayev də dövrünün Manafı olub… İnsanlar arasında dərin hörmət və rəğbət qazanmaq üçün bəzən illər bəs etmir,özünü rüsvay etmək ücün isə bir an, bir gün belə kifayətdir. Ağadadaş Ağayev də məlum hərəkəti ilə özünü gözdən saldı”, – deyə şair Şəmsi Vəfadar bildirib.

Sosial şəbəkələrdə gedən müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti”  adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Hüquqşünaslar bildirir ki, məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.

Xalq artistinin bəzi yaxın dostları, müğənni həmkarları bu məsələ ilə bağlı susmağa üstünlük versələr də, aralarında müğənniyə dəstək çıxanlar da oldu. Məsələn, müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə baltalı davasına münasibət bildirərkən deyib:

“Ağadadaş müəllimlə bağlı görüntüləri gördüm, heç istəməzdim belə olsun, xətrini çox istəyirəm, yerini bilən, ədəb-ərkanlı insandır. İxtisasca müəllimdir, illərdir sənətdədir, yaşı 70-ə yaxınlaşıb, səhhətində problemlər var, uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman böyüklüyünü görmüşəm. Onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb.

Günah kimdədir bilmirəm, hətta günah Ağadadaş müəllimdə olsa belə, böyüklərlə incə davranmalıyıq. Hamımız qocalacağıq, insandır, hövsələdən çıxa bilər, xəstəlikdən sonra müəyyən travmalar qala, əsəblər yerində olmaya bilər. Mən şəxsən ağsaqqala əl qaldırmazdım. İndi müasirlikdir, təəssüf ki, deyirlər, basıb ağsaqqalı da döyməlisən, ağbirçəyin də üzünə söyməlisən, niyə avtobusda onlara yer verməliyik, biz də pul verib gedirik, onlar da. Bu nə düşüncədir? Dəyərlərimizə görə böyük-kiçik yeri həmişə olub”.

Əməkdar artist, bəstəkar müğənni Elza Seyidcahan məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Əməkdar artist Ağadadaş Ağayevin balta atması hərəkətini pisləsə də, onun döyülməsi hadisəsinin qəbuledilməz olduğunu deyib: “Həmin hadisədən xəbər tutan kimi dərhal Ağadadaş Ağayevlə telefon əlaqəsi saxladım. Telefonu oğlu götürdü və bildirdi ki, atası həkim nəzarətindədir, həmçinin polis əməkdaşları tərəfindən dindirilir.

O görüntüləri görəndə şoka düşmüşdüm. İndi də xatırlayanda çox pis olur, həyəcanlanıram.

Əlbəttə ki, mən balta məsələsinə görə Ağadadaş Ağayevə haqq qazandırmıram, bu onun səhvi idi. Hamımız bilirik ki, Ağadadaş Ağayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu vaxta qədər el şənliklərində, tədbirlərində onunla dəfələrlə qarşılamışıq və hər zaman mədəniyyət, ədəb-ərkan görmüşük. Ondan özümüzə qarşı heç zaman kobud davranış olmayıb. Yəqin ki, çoxları bilir, Ağadadaş Ağayev bir müddət rus dili müəllimi kimi fəaliyyət göstərib, ixtisasca müəllimdir.

Bir daha qeyd edirəm, Ağadadaş Ağayev xəstədir, ola bilər ki, xəstəlik onu bu vəziyyətə gətirib çıxarıb. Ağadadaş Ağayev müqəssir ola bilər, amma həmin hadisəyə, onun mühafizəçi tərəfindən döyülməsinə seyrçi qalan şəxslər on qat artıq müqəssirdir. Ağadadaş Ağayev bu sənətdəki zəhmətinə görə dövlətimiz tərəfindən fəxri adlar, mükafatlar alıb. Yəni bütün bunlar “bir salama dəymədi?” İnsanlar xalq artistinin döyülməsini necə qəbul edib, seyirçi qala bilirlər? Bəli, Ağadadaş Ağayev mühafizəçiyə balta atıb və balta düşdüyü yerdən sıçrayıb bir qadının ayağına dəyib və onu yaralayıb. Buna görə onu zərərsizləşdirib, polis orqanlarına təhvil verə bilərdilər. Hər kəs qanun qarşısında eynidir və cavab verməlidir. Amma ətrafdakı insanlar sadəcə xalq artistinin döyülməsini soyuqqanlı şəkildə seyr edirdilər. Bu, əslində dəhşətli faktdır. Bu, onsuz da yıxılıb yerə, sonradan ona təpikləyib, dəmir vurmağın nə yeri var idi? Bəlkə xalq artisti dəli olub, onu sadəcə zərərsizləşdirib, aidiyyəti orqanlara təhvil vermək lazım idi. Bu cür davranış həm də ölkəmizə başucalığı gətirmir. Ölkəmizi istəməyənlər dərhal hadisəni yaydılar ki, Azərbaycanda xalq artistini bu cür döydülər. Bu heç də yaxşı hal deyil.

İnsan bu cür hadisələri görəndə sənətdən uzaqlaşıb, evində “qınına” çəkilmək istəyir. Zamanında mərhum xalq artisti İlhamə Quliyeva, eləcə də bir müddət əvvəl Flora Kərimova mənə kəskin sözlər bildirmişdilər, amma onların sənətkarlığına hörmət edərək, qeyri-etik sözlərə, davranışlara yol verməmişdim. Sənətkarlara hər zaman hörmətlə yanaşmaq lazımdır. Bir daha qeyd edirəm, Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi heç cür qəbuledilməzdir”.

  • Namiq
    İyul 30, 2024 - 10:22

    Hər saqqalı ağaran ağsaqqal ola bilməz. Hadisə də bunu sübüt etdi. Nə olsun xalq artistidir? Bu ona hər hansı üstünlük vermir. Hərəkətləri də onun o ada layiq olmadığını təsdiq edir. Əsəbiləşibsə gedib evində başını divara vursun, asayişi pozub, saqqalına, fəxri adına layiq olmayan pis nümunə göstərməsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*