“Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyo həddindən artıq sıx oyun təqvimindən narazı olan futbolçuların maaşlarının azaldılmasına razılaşmalı olduqlarını bildirib.
KONKRET.az bu barədə AS nəşrinə istinadən xəbər verir.
“Düşünürəm ki, pul qazanmaq istəyiriksə, çox işləməli və riskə getməliyik. Həyat belədir. Əgər hansısa futbolçu həddindən artıq çox oynadığımızı əsas gətirərək tətil etmək istəsə, ona maaşının 50 faiz azaldılmasını təklif etmək olar. Hər şey maliyyədən asılıdır və maliyyə böyük təsirə malikdir. Biz buna uyğunlaşmalı, çətinliklərə dözməliyik”, – deyə Mourinyo vurğulayıb.
Portuqaliyalı mütəxəssis beynəlxalq matçlara münasibətin məşqçinin klubda, yoxsa milli komandada işləməsindən asılı olduğunu da qeyd edib.
“Bu gün klub məşqçisiyəm, sabah isə milli komandanın baş məşqçisi ola bilərəm. Klub məşqçiləri olaraq, yəqin ki, hamımız düşünürük: niyə bu qədər çox milli oyun keçirilir, bu səfərlər nəyə lazımdır, yoldaşlıq görüşlərinə və heç kimin maraqlanmadığı Millətlər Liqasına nə ehtiyac var?
Amma bunu klub məşqçisi deyir. Milli komandaların məşqçiləri üçün isə bu oyunlar mühüm əhəmiyyət daşıyır. Federasiyalar üçün də belədir. Federasiyaların maliyyə idarəçiliyi baxımından da bu matçlar vacibdir. Bu, idman səviyyəsində maraqların toqquşmasıdır. Nəticədə hər şeyi pul həll edir. Buna görə də oynamağa davam edirik”, – deyə Mourinyo əlavə edib.
