“Hərbi toqquşmalar hər an başlaya bilər, cavab gözləyirik” – GƏRGİNLİKbackend

"Hərbi toqquşmalar hər an başlaya bilər, cavab gözləyirik" - GƏRGİNLİK

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev sualları cavblandırıb.

KONKRET.az onunla müsahibəni təqdim edir:

– Arzu müəllim, həmsədrlərin yenidən bir araya gələcəyi və xarici işlər nazirləri səviyyəsində görüş təşkil edəcəkləri ilə bağlı fikirlər səslənir. Bunun yaxın vaxtlarda olması mümkündürmü?

– ATƏT-in Minsk Qrupunun həmsədrləri atdıqları addımlara hörmətlə yanaşmalıdırlar. Deklorativ bəyanatlar, lazımsız görüşlər keçirmək şərt deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş konkret addımlar atılmalıdır. Ermənistan hakimiyyətinin, qondarma qurumun siyasi və digər problemlərlə bağlı verdikləri bəyanatlara ATƏT-in Minsk Qrupu reaksiya verməlidir. Bu miqrasiya, silahlanma, müharibə anonsu və digər məsələlərlə bağlı olmalıdır. ATƏT həmçinin vermiş olduğu bəyanatların praktik olaraq həyata keçirilməsinə çalışmalıdır. Əks halda bu görüşlərin heç bir əhəmiyyəti olmayacaq. Amma buna baxmayaraq sülh danışıqları bütün hallarda dəstəklənir. Reallıqda isə başqa mənzərə mövcuddur. Çünki istər qondarma qurum, istərsə də Paşinyan hakimiyyətinin məqsədi mövcud status-kvonun qorunub saxlanılmasından ibarətdir. Eyni zamanda düşmən tərəfinin bəyanatları və çirkin addımları ATƏT-in gözü önündə baş verir. Ona görə də bu görüşlərdən hansısa müsbət irəliləyişlə bağlı gözlənti yoxdur. Çünki hümanitar və digər sahələrdə ATƏT-in Minsk Qrupu vermiş olduğu qərarların icrasına təsir edən addımlar atmalıdır.

– Həmsədrlərin danışıqların bərpası ilə bağlı səyləri hansı halda nəticə verə bilər?

– Azərbaycan tərəfi torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan və aparılacaq danışıqlardan imtina etməyib. Sadəcə olaraq Azərbaycan sual verən tərəfdir. Cavab gözləyirik. Xarici İşlər naziri Ceyhun Bayramovun da dediyi kimi danışıqlar dalana dirənib. Bu dalandan da işğalçı Ermənistan çıxmalıdır. Çünki Azərbaycan tərəfi olaraq öz şərtlərimizi ortaya qoymuşuq. Ortada Madrid, Kazan və digər prinsiplər mövcuddur. Azərbaycan tərəfinin məramı, məqsədi ondan ibarətdir ki, ərazi bütövlüyümüz bərpa edilsin. Bununla bağlı cavab Ermənistan tərəfindədir.

– AŞPA-da Ermənistanın son provakasiyaları və qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq təşkilatların real müstəvidə Ermənistana təsiri mümkün görünürmü?

– Hadisələr göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sonu tək lokal döyüşlər olmayacaq. Regionda genişmiqyaslı hərbi toqquşmanın baş verəcəyi qaçılmazdır. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi qədər uzanan bir münaqişə də mövcud deyil. Ona görə də, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Çünki bu münaqişənin sonu böyük müharibə ilə nəticələnə bilər. Belə olan halda artıq regional aktorlar deyil, eyni zamanda digər dövlətlər də beynəlxalq səviyyədə bundan zərər çəkmiş olacaqlar.

– Düşmən Tovuz istiqamətində son günlər təxribatlara əl atır. Yenidən aktiv döyüş əməliyyatları başlaya bilərmi?

– Tovuzda son günlər baş verən düşmən təxribatında onların başqa məqsədləri var. Təcavüzkar Ermənistan Azərbaycan tərəfinin səngərbərkitmə işlərindən ciddi narahatdır. Ermənistan tərəfi qəsdən təxribat xarakterli anonslar verir. Onlar fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycan tərəfi müharibəyə hazırlaşır. Eyni zamanda hazırda Ermənistan tərəfində ikinci hərbi bazanın təlimləri keçirilir. Bu təlimlərlə də onlar provakativ addımlar atmağa çalışır. Onların ardıcıl olaraq atəşkəsi pozmağa çalışması da məhz buna hesablanıb.

– Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündürmü?

– İndiki halda Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı gözlənilən deyil. Amma buna baxmayaraq Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik istiqamətində çox ciddi addımlar atılıb. Türkiyə NATO-nun üzvü olduğuna görə, bu məsələnin reallaşması elə də inandırıcı görünmür. Çünki burada tək Türkiyədən asılı olmayan məsələlər mövcuddur.Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*