Eyni vəzifədə çalışan, eyni məsuliyyətləri daşıyan və eyni həcmdə iş görən əməkdaşların fərqli əməkhaqqı alması iş yerlərində ən çox müzakirə olunan məsələlərdən biridir. Bir tərəfdən işəgötürənlər bunu müxtəlif meyarlarla əsaslandırmağa çalışsa da, digər tərəfdən əməkdaşlar bunun əmək hüquqlarının pozulması olduğunu iddia edirlər.
Bəs eyni işi görən işçilərə fərqli maaş verilməsi hansı hallarda qanuni sayılır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə fərqli əməkhaqqı ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə edilən yeni əlavəyə əsasən, işəgötürən işçinin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən əməkdaşlara bərabər əməkhaqqı ödəməyə borcludur.
Bu baxımdan, eyni vəzifədə çalışan, eyni iş yükünü daşıyan və eyni məsuliyyətləri yerinə yetirən işçilərə fərqli maaş verilməsi düzgün yanaşma hesab edilmir. Qanun bərabər əməyə görə bərabər əməkhaqqı prinsipini təsbit edir və işəgötürən bu prinsipə əməl etməlidir”, – deyə hüquqşünas vurğulayıb.
Tağı Hüseynov qeyd edib ki, yalnız işçinin ixtisas səviyyəsi, peşəkarlığı, əmək məhsuldarlığı, iş stajı, əlavə funksiyalar yerinə yetirməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər obyektiv meyarlar mövcud olduqda əməkhaqqında fərqlilik əsaslandırıla bilər. Əks halda, eyni işi görən əməkdaşlara fərqli maaş ödənilməsi hüquqi mübahisələrə səbəb olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
