“Hindistan buğdanı daha baha satmaq üçün NAZ EDİR” – AÇIQLAMAbackend

"Hindistan buğdanı daha baha satmaq üçün NAZ EDİR" -  AÇIQLAMA

“Hindistan taxıl ixracına qadağa qoydu, bu xəbərdə təzadlar var”.

Bunu KONKRET.az-a açıqlamasında İqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Hindistanın verdiyi vədə xilaf çıxmasında təzadlar var.

“Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da taxıl ixracına qadağa qoydu. Düzü bu məni bir az çaşdırdı ki, xəbərlərdə təzadlar var. Çünki, məlum ölkələr taxıl ixracına məhdudiyyətlərdən sonra Hindistan 30 ölkəyə  (Azərbaycan da daxil olmaqla) taxıl ixrac edə biləciyi ilə müraciət etdiyini bildirmişdi. Bu məsələ beynəlxalq mətbuatda da işıqlandırılmışdı. İndi isə ixraca qadağa qoyulması əvvəlki xəbərlə təzad təşkil edir”, – deyə iqtisadçı bildirib.

Eldəniz Əmirovun fikrincə, Hindistanın dərdi pul dərdidir.

“Buna görə xəbərin detallarına baxanda – ixrac məhdudiyyətinin səbəbini araşdıranda məlum olur ki, əslində Hindistanın dərdi pul dərdidir. Fürsətdən istifadə edib daha baha satmaq istəyirlər. Ticarət və Sənaye Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri üçün qəbul edilib. Yəni sözlərinin “mustafası” budur ki, qiymət dayanmadan qalxır, ucuz sata bilmərik, qoy bir az da qalxsın, satacağıq. Belə!”, – ekspert vurğulayıb.

Daha sonra o, jurnalistlərə məsləhət də verib.

“Jurnalist dostlardan xahiş edirəm ki, bu xəbəri yayarkən, aclıq başladı, Hindistanda daha satmayacaq və s. kimi başlıqlarla insanlarda narahatlıq yaratmasınlar. Onların 100 milyon tondan artıq istehsal potensialları var və tələbat yarandığı üçün bu il daha da çox buğda əkiblər. Odur ki, yazın ki, Hindistan buğdanı daha baha satmaq üçün naz eləyir”, – iqtisadçı əlavə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*